BAKI, 22 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bu gün onlayn formatda keçirilən beynəlxalq iqlim sammitində bütün ölkələri iqlim dəyişikliyi ilə mübarizə üçün ortaq beynəlxalq layihələrə qoşulmağa dəvət edib. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb.
"Bu baxımdan, atmosferə atılan bütün növ zərərli tullantıların emissiyalarının hesablanması və monitorinqi sahəsində geniş və effektiv beynəlxalq əməkdaşlıq qurmaq çox vacib olardı. Bütün maraqlı ölkələri birgə elmi araşdırmalara qoşulmağa, praktik əhəmiyyətli investisiyalara birlikdə vəsait yatırmağa dəvət edirik", – deyə Putin vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dünya liderlərinin bu gün başlayıb sabah da davam edəcək iqlim məsələri ilə bağlı sammitində videokonfrans vasitəsi ilə çıxış edib.
Bir qədər bundan əvvəl Ağ Evin mətbuat xidməti ABŞ prezidenti Co Baydenin iqlim sammitinə Putin də daxil olmaqla 40 dünya liderini dəvət etdiyini bildirmişdi.