BAKI, 20 aprel - Sputnik. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsində koronavirusla bağlı vəziyyət normallaşan kimi uçuşların bərpasının müzakirəsi üçün Rusiyaya gedəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyədə ötən cümə günü pandemiya başlayandan bəri sutka ərzində ən yüksək yoluxma (63082), bu həftənin çərşənbə axşamı isə sutka ərzində ən çox ölüm (346) faktı qeydə alınmışdı. Türkiyədə ağır pandemiya şəraitinə görə Rusiya bu ölkə ilə aprelin 15-dən iyunun 1-dək aviaəlaqəni dayandırıb.
"Türkiyədə koronavirusa yoluxma hallarının artması səbəbindən Rusiya uçuşları məhdudlaşdırdı. İki ölkənin prezidentləri bunu müzakirə etdilər və belə bir qərar alındı, burada siyasət yoxdur. Ancaq biz əlavə məhdudiyyətlər tətbiq etdik. Əgər onları pozsaq, nəticə əldə edə bilmərik, o zaman bizim turizm risk altına düşər", - Çavuşoğlu Habertürk kanalının efirində deyib.
Onun sözlərinə görə, tezliklə Rusiyadan olan nümayəndələr turizm sahəsində təhlükəsizliyi qiymətləndimək üçün Türkiyəyə gələcəklər.
"Sonra isə biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik. Ramazan ayı ərzində bu göstəriciləri azaltmalıyıq", - Çavuşoğlu əlavə edib.