QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyev "İskəndər"lə bağlı Moskvadan məktub barədə: "Tam cavab deyil"

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - Sputnik Azərbaycan, 1920, 20.04.2021
Abunə olmaq
"Bir halda ki, Rusiya mətbuatında “İsgəndər-M” raketləri ilə bağlı cəfəng versiyalar irəli sürülür, bir şey də deyə bilərəm. Mən bunu, sadəcə olaraq, təsadüfi versiyalar hesab etmirəm".

BAKI, 20 aprel - Sputnik. "Bu sözləri deyəndən sonra ertəsi gün Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məktubuna cavab göndərmişdir. Mən bu cavabla tanış oldum. Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm. Çünki bu, çox ciddi məsələdir. Bu, sıradan olan məsələ deyil. Ona görə burada hər hansı bir məxfiliyə yol vermək olmaz. Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir".

Sputnik Azərbaycan bildirir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

"Bu, əslində, bizim məktubumuza olan tam cavab deyil. Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Axı, bu, mümkün deyil. Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni, eksport - ixrac variantı ola bilər. Onların arasında böyük fərq var.

“İsgəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni, Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Bunun ancaq iki yolu var. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan.

Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur. Əlbəttə ki, bu, xoşagələn vəziyyət deyil. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza - Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək. Əslində, möhkəmləndirməlidir. Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək. Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır. Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Üçtərəfli Bəyanat da Azərbaycan tərəfindən tam icra edilib", - deyə dövlət başçısı əlavə edib.

Обломки ракет Искандер, примененных Арменией против Азербайджана  - Sputnik Azərbaycan, 1920, 13.04.2021
RUSİYA
Kreml: Rusiya və Azərbaycan "İskəndər-M"lə bağlı məsələdə sıx dialoq vəziyyətindədir

İlham Əliyev “İsgəndər-M” raketləri ilə bağlı məsələyə aydınlıq gətiriləcəyinə ümid etdiyini deyib: "Çünki onlar Qənimətlər Parkında nümayiş etdirilir. Bunu inkar etmək, sadəcə olaraq, mümkün deyil. Hər halda, biz öz prinsipial mövqeyimizi bundan sonra da nümayiş etdirəcəyik. Azərbaycan xalqı bütün vacib məsələlərlə bağlı dolğun məlumat alacaq, necə ki, bu günə qədər alıb. Necə ki, Ermənistandan fərqli olaraq bu müharibə dövründə mən tam həqiqəti demişdim. İndi isə Ermənistan rəhbərləri susurlar. Onlara sual veriləndə ki, siz “İsgəndər-M” raketlərindən istifadə etmisiniz? Susurlar. Ağızlarına su alıblar. Halbuki biz bilirik ki, necə atılıb, nə vaxt atılıb və daha çox şey bilirik.

Bir halda ki, Rusiya mətbuatında “İsgəndər-M” raketləri ilə bağlı cəfəng versiyalar irəli sürülür, bir şey də deyə bilərəm. Mən bunu, sadəcə olaraq, təsadüfi versiyalar hesab etmirəm. Çünki hətta, o versiyalarda da, - düzdür, bu, mətbu orqanlar tərəfindən irəli sürülüb,- hər halda, biz hansısa sistemli yanaşma görürük. Guya ki, Azərbaycan Türkiyə ilə birlikdə bu “İsgəndər-M” raketlərinin qalıqlarını Suriyadan gətiribdir və Şuşaya qoyubdur. Bu, bizə qarşı açıq ittihamdır. Bizi nədə ittiham edirlər, saxtakarlıqda? Bir adam deyə bilər ki, Azərbaycan nə vaxtsa saxtakarlıq edib? Yox. Biz yüzlərlə saxta faktlar ilə üzləşmişdik, riyakar faktlar ilə üzləşmişdik, vədlərin yerinə yetirilməməsi faktları ilə üzləşmişdik. Biz heç vaxt belə saxtakarlığa yol verməmişik. Biz bunu nə üçün edək? Bunun məqsədi nədir? Biz indi noyabrın 10-da imzalanmış Bəyanatın icrası ilə məşğuluq. Biz bölgədə sülhün əbədi olmasını istəyirik. Biz təhlükəsizlik tədbirlərini gücləndiririk. Nə üçün biz bu təxribatı törədək? Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun. Ona görə istərdim ki, bu məsələyə aydınlıq gətirim.

İlham Əliyev Şuşanın "İskəndər-M"lə atəşə tutulması barədə: "Biz cavab istəyirik" - VİDEO>>

O ki qaldı, qaçaqmalçılıq versiyasına. Bu, əlbəttə ki, araşdırılmalıdır. Çünki müharibə dövründə qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir. Rusiya tərəfi ən yüksək səviyyədə və bütün səviyyələrdə, aidiyyəti qurumlar səviyyəsində bu məsələ ilə bağlı Azərbaycan tərəfindən məlumatlandırılmışdır. Hətta biz beynəlxalq aviasiya təşkilatı olan ICAO-ya rəsmi məktublar göndərmişik. O məktublarda deyilmişdir ki, biz dəqiq bilirik, - reyslərin nömrələrini də vermişdik, yazmışdıq, - bu təyyarələrlə, sərnişin təyyarələri ilə Rusiyadan Ermənistana silahlar gətirilir. Silahların növlərini də göstərmişdik. Baxmayaraq ki, müharibə dövründə dəfələrlə belə məktublar göndərilmişdir, ancaq ICAO-dan heç bir cavab gəlməmişdir. Amma biz dəqiq bilirik ki, bir erməni silah alverçisi David Qalustyan Rusiyada oturub Rusiya hərbi zavodlarından qanunsuz yollarla silahları alıb sərnişin təyyarələri ilə göndərib. O silahların pulunu Rusiyada fəaliyyət göstərən erməni oliqarxları ödəyib – Obramyan, Karapetyan.

Bu, cinayətdir. Onlar buna görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu silahlar müxtəlif qaçaqmalçılıq yolları ilə Ermənistana göndərilmişdir. Biz onu da Rusiya tərəfinə bildirmişdik ki, David Qalustyan Ermənistanın keçmiş müdafiə naziri Tonoyanın biznes şərikidir. Onlar bunu, eyni zamanda, qanunsuz qazanc kimi edirdilər. Təsadüfi deyil ki, acı məğlubiyyətdən sonra Ermənistanın müdafiə naziri, hansı ki, Azərbaycanı yeni müharibə ilə hədələyirdi, vəzifədən çıxarıldı.

Onun bir biznes şəriki David Qalustyan həbs olundu. Ermənistanda indi istintaq aparılır. Əgər istintaq ədalətli aparılarsa, dediyim bütün faktlar üzə çıxacaq. Bizdə faktlar var. Lazım olarsa, biz bu faktları açıqlamağa hazırıq. Mənim dediyim sözlər deyil, faktlardır. Qaçaqmalçılıq olub. Sərnişin təyyarələri ilə silah daşınıb. Bu, ümumiyyətlə, qanunazidd əməldir. Rusiyada yaşayan erməni oliqarxlar - həmin bu Karapetyan ilə Abramyan bir yük təyyarəsini almışdılar. Çünki Ermənistanda yük təyyarəsi yox idi. Silahları daşımaq mümkün deyildi. Müharibə dövründə bir yük təyyarəsi almışdılar. O yük təyyarəsi ilə silahları qanunsuz olaraq Ermənistana aparıblar.

Yəni, biz bir çox şeyləri bilirik. Sadəcə olaraq, lazım olan vaxtda və məqamda bəzi şeyləri açıqlayırıq. Bugünkü məlumat Azərbaycan ictimaiyyətinə ilk dəfədir ki, çatdırılır. Belə məlumatlar bizdə çoxdur. Ona görə hesab edirəm ki, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdırlar. Çünki səmimiyyət və dostluq qarşılıqlı olmalıdır".

Xəbər lenti
0