Emin Əlisahib, Sputnik Azərbaycan
BAKI, 11 aprel — Sputnik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri başa çatıb.
Nümayəndə heyəti Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmiləri əvvəlcə Ağdam rayonunda “İmarət” kompleksində olub. Ermənilərin burada törətdiyi dağıntıları öz gözləri ilə görüblər. Onlara məlumat verilib ki, Qarabağ xanlığının banisi, Şuşa şəhərinin qurucusu Pənahəli xan və digər Qarabağ xanları, habelə xan qızı Xurşidbanu Natəvan burada dəfn olunub.
Xanın burada dəfn edilən ailə üzvlərinin hər birinin məzarı üstündə məqbərə inşa edilib. Bildirilib ki, ermənilər işğal müddətində “İmarət”də yerləşən məzarları, türbələri dağıdıb, ərazidə yerləşən tarixi abidələri oğurlayıb. Xaraba qalan binalarda isə donuz saxlanılıb. Nümayəndə heyəti daha sonra Ağdam Cümə məscidində olublar. Qonaqlar məscidə baş çəkib, erməni işğalçılarının məsciddə, eləcə də məscid ətrafında törətdikləri vandallıqlarla, vəhlişiklərlə tanış olub. Ermənilərin işğal müddətində burada törətdikləri müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etdikərinin şahidi olublar. Nümayəndə heyəti daha sonra Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında da olaraq burada da erməni vəhşiliyi ilə tanış olub.
Qeyd edək ki, nümayəndə heyətini Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir. Hazırda qonaqların Ağdam səfəri başa çatıb, onlar Gəncəyə yola düşüb.