BAKI, 6 aprel — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti ilə danışıqlarda hərbi-texniki sahədə əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir. Bu barədə Paşinyan "RİA Novosti" agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, görüşün gündəliyində Ermənistan-Rusiya müttəfiqliyinin bütün sferalarına dair məsələlər var.
Paşinyan qeyd edib ki, hazırda Ermənistan silahlı qüvvələrində irimiqyaslı islahatlara start verilib və bu tədbirlər rusiyalı həmkarlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilir.
"Əminik ki, bu əməkdaşlıq uğurla davam etdiriləcək, Ermənistan hökuməti bunda maraqlıdır", - deyə Baş nazir bildirib.
Qeyd edək ki, Paşinyan aprelin 7-də Moskvaya səfərə gedəcək. İki ölkə rəhbərləri Qarabağ məsələsinə dair razılıqların implementasiyası və Ermənistanda keçiriləcək növbədənkənar seçkiləri müzakirə edəcəklər.
Xatırladaq ki, Paşinyan təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaş kimi Rusiya ilə əməkdaşlığı gücləndirmək niyyətində olduğunu bəyan edib. O, xüsusilə Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşmasının gücləndirilməsi barədə düşünməyi təklif edib və orduda islahatların aparılacağını bildirib.