BAKI, 23 mart - Sputnik. Dağıstanın Azərbaycanla sərhəddə yerləşən Rutul rayonunda növbəti qar uçqunu olub.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, 9 yaşaşış məntəqəsinə aparan yol yenidən bağlanıb.
Bildirilir ki, bu gün Moskva vaxtı ilə 14:30-da, Rutul-Luçek-Cinnıx avtomobil yolunun Saxur kəndi ərazisindən keçən hissəsində sayca dördüncü qar uçqunu baş verib. 300 m uzunluqda yol bağlanıb.
Saxur kəndində 3 avtomobil qarın altında qalıb. Xəsarət alan yoxdur.
"Hazırda yolu qardan təmizləmək mümkün deyil, çünki uçqun kütləsi hərəkətini davam etdirir. İki sərhəd zastavası və 9 yaşayış məntəqəsi: Süqut, Muslax, Mişleş, Korş, Cinnıx, Ottal, Kalal, Muxax, Kusur - ilə nəqliyyat əlaqəsi kəsilib", - Dağıstan Nəqliyyat Nazirliyindən bildirilib.
Hadisə yerində 3 yol texnikası işləyir. Yolun açılması martın 25-i saat 18:00-da mümkün ola bilər, nazirlikdən əlavə ediblər.