BAKI, 21 mar t- Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyadan raketsiz Su-30SM qırıcısını aldığını etiraf edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə o, yerli sakinlərlə görüşündə deyib.
“Bizə deyirlər, niyə təyyarə aldınız? Bəli, biz təyyarə aldıq, onu mayda gətirdilər. O da düzdür ki, biz müharibəyədək raket almağı çatdırmadıq”, - Paşinyan deyib.
“Təyyarəni siz alaydınız ki, biz də çatdırıb raket alaydıq. Niyə 26 yaşı olan dövlətin qırıcı aviasiyası yox idi?” - baş nazir sual edib.
Rusiyadan alınan Su-30SM qırıcılarının döyüş sursatlarının olmaması barədə əvvəllər Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəhbəri Movses Akopyan bəyan eləmişdi. Onun sözlərinə görə, Rusiya başqa dövlətlərə 130 km mənzilli “hava-hava” raketləri satmır. Ermənistan hökuməti bu bəyanatı təsdiqləməmişdi.