BAKI, 18 mart — Sputnik. Avstriya kansleri Sebastyan Kurts bəyan edib ki, cavabdeh Avropa qurumları ən qısa zamanda Rusiyanın koronavirus əleyhinə "Sputnik V" vaksininin istifadəsinə icazə verməlidir. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
"Sputnik V və ya digər vaksinlərə gəldikdə isə mən israr edirəm ki, cavabdeh Avropa qurumları ən qısa zamanda bütün təhlükəsiz vaksinlərə icazə versinlər. İxtiyarımızda nə qədər çox vaksin olsa, bir o qədər yaxşı olar", - deyə Kurts "OE24" telekanalının efirində bildirib.
Kurts eyni zamanda Avstriyanın "Sputnik V" alma şanslarını yüksək dəyərləndirib.
Qeyd edək ki, fevralın 2-si "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib.
Kliniki sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib.
Həm peyvənd, həm də plasebo vurulmuş 19 866 könüllünün analiz təhlilləri göstərir ki, hər iki dozadan sonra peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.
Müqayisə üçün bildirək ki, "AstraZeneca"nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"ın - 79,3% təşkil edir.
Tədqiqatın vacib bir hissəsi də 60 yaşdan yuxarı könüllülərin sınaqlarda iştirakı ilə bağlı idi (peyvənd qrupunda ən yaşlı iştirakçının 87, plasebo qrupunda isə 84 yaşı olub). Yaşlılar üçün təhlükəsizlik göstəriciləri yüksək olub. 60 yaşdan yuxarı 2144 könüllü üçün effektivlik 91,8% təşkil edib ki, bu da 18-60 yaş arası könüllülər qrupunda əldə edilən məlumatlardan statistik olaraq fərqlənmir.
Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib hazırlanıb. Bu, dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.