BAKI, 25 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan telefonla danışaraq Yerevanda yaranan siyasi gərginliyi müzakirə ediblər.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya liderinin sözçüsü Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.
"Ermənistandakı vəziyyət müzakirə olunub. Putin Ermənistanda sakitlik və sabitliyin qorunmasının, durumun qanun çərçivəsində həll olunmasının tərəfdarı olduğunu deyib", - mətbuat katibi söyləyib.
"Vladimir Putin həmçinin tərəfləri təmkinli olmağa çağırıb", - Peskov əlavə edib.
Ermənistanda vəziyyət Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etməsilə qarışıb. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.
Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.
Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.
Müxalifət hazırda parlament binası ətrafında çadır və barrikada qurmaqla məşğuldur.