Elvin Səlimov, Sputnik Azərbaycan
BAKI, 24 fevral — Sputnik. Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan videokörpüdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından irəli gələn yeni iqtisadi reallıqlar müzakirə edilib. Tədbirin Azərbaycan tərəfindən qonağı UNEC-in professoru, Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini Elşad Məmmədov bildirib ki, bu bəyanat uzun illərdir regionda iqtisadi əməkdaşlığın tormozlanmasına səbəb olmuş problemlərin aradan qalxması ilə yeni reallıqlar yaradıb:
“Təsadüfi deyil ki, münaqişənin ortaya çıxması tək Azərbaycan və Ermənistan arasındakı münasibətlərə deyil, eyni zamanda regional proseslərin inkişafına mənfi təsirini göstərdi. Uzun illər münaqişənin həllolunmaz qalması region ölkələrinin inkişaf prosesinin ləngiməsinə, bəzi hallarda dayanmasına gətirib çıxardı”.
Onun sözlərinə görə, üçtərəfli bəyanatda vurğulanan kommunikasiya əlaqələrinin bərpası ilə bağlı müddəalar tək keçmiş münaqişə tərəflərinin deyil, eyni zamanda bölgənin dinamik iqtisadi inkişafına əvəzsiz töhfə verəcək: “Münaqişənin davam etdiyi uzun illər ərzində kommunikasiyaların açılması hər zaman prioritet olub. Biz kommunikasiyaların açılması ilə iqtisadi qazanc əldə etməklə yanaşı, həm də siyasi və sosial dialoqun formalaşmasının şahidi ola bilərik. Bu münaqişə postsovet məkanında dağıdıcı proseslərə zəmin yaratdı və inteqrasiya prosesinə də mənfi təsirini göstərdi. Ona görə də münaqişənin həlli bölgəmizin sabitlik və inkişafa istiqamətlənməsi baxımından əhəmiyyət kəsb edir”.
“Kommunikasiya əlaqələrinin açılması enerji, nəqliyyat layihələrinin daha sürətli icrasına imkan verəcək və regional sabitliyin təmin edilməsi ilə bölgəmizin iqtisadi cəlbediciliyi artacaq. Bu həm də region ölkələri ilə yanaşı, Rusiya, Türkiyə və İran kimi aparıcı güc mərkəzləri üçün də əhəmiyyətlidir. Biz dünyada baş verən proseslər fonunda regionallaşmanın ön planda olmasına nəzər yetirməliyik. Regionallaşmanın isə başlıca prinsipi region ölkələri arasında qarşılıqlı əlaqələrin dərinləşməsidir.
Yeni iqtisadi əməkdaşlıq platformalarının işə salınması proseslərə müsbət təsir göstərəcək. Bu baxımdan regionallaşmadan danışarkən kommunikasiyaların açılması çox önəmlidir. Hesab edirəm ki, region ölkələri kifayət qədər potensiala malikdir və bu imkan verir ki, biz qloballaşmadan kənarda iqtisadi inkişafımızı təmin edə bilək. Amma bu prosesdə bizə həm də texnologiyaların idxalı lazım olacaq. Texnologiya şirkətləri üçün də bu bölgəyə maraq böyükdür və böyük perspektivlər vəd edir”, - professor bildirib.
Qeyd edək ki, Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli bəyanatda regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dəstək ifadə edilib.