Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 23 fevral — Sputnik. Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbədə pay sahibi olanlardan biri də Əmrah Rajapovdur. O, 2000-ci ildə Gəncədə doğulub.
Sputnik Azərbaycan-ın məlumatına görə, kiçik yaşlarında atasını itirən Əmrah Gəncə şəhərində yerləşən uşaq evlərindən birinə verilib. Orta məktəbdən məzun olduqdan sonra, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb. 44 günlük Vətən müharibəsində iştirak edib. Oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun nəşi ötən gün müəyyən edildikdən sonra Gəncə şəhərinə gətirilib və Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.