BAKI, 21 fevreal - Sputnik. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı anonimliyinin qorunması şərtilə aeroportlarda kamikadze terrorçuların necə aşkara çıxarılmasının sirlərini "Moskovskiн komsomolets" qəzeti ilə bölüşüb.
Onun sözlərinə görə, FTX uzun illərdir ki, müsəlman ölkələrindən olan bütün reysləri total nəzarətdə saxlayır, üstəlik, digər istiqamətdən olan sərnişinlərin siyahısını əvvəlcədən əldə edir.
"Avropa istiqamətlərindən aviareyslərdə əslən MDB, Qafqaz və Tatarıstandan olanları qeydə alırıq", - o deyib.
Bu adamlar artıq Moskvaya çatdıqda FTX əməkdaşları onları sorğu-suala tuta bilərlər. Amma bir qayda olaraq səyahətdən qayıdan turistlər güc struktuları tərəfindən elə də yoxlanılmırlar.
"Əgər adam, məsələn, ilyarım Türkiyədə yaşayıbsa, şübhəsiz ki, sorğu-sual üçün zəmin yaranır", - müsahib deyib. O qeyd edib ki, şübhəli sərnişinlərdən adətən xaricdə işləyib-işləmədikləri, hansı maliyyə hesabına yaşadıqları və nə üçün qayıtdıqları soruşulur.
Onun sözlərinə görə, orta hesabla İran və Türkiyədən olan reyslərdən 10-15 nəfər sorğu-sual edilir.
FTX əməkdaşı deyir ki, kamikadzeləri geyimlərinə görə seçmək mümkün deyil, çünki terrorçular kütləyə qarışmağı üstün tuturlar. Və əlavə edir ki, şübhəli sərnişini tədricən dilə tuturlar ki, kim olduğunu aydınlaşdırsınlar: "On dəqiqə ərzində adamın kim olduğu ortaya çıxır".
Ünsiyyət zamanı terrorçular özlərini fərqli aparırlar: bəziləri cavab qaytarır, bəziləri isə özlərini itirirlər. Burada hər şey terrorçunu hazırlayan adamlardan asılıdır.
Həmçinin kişilərin terrorçu olduğunu aydınlaşdırmaq qadınlara nisbətən daha asandır. Gənc qadınlarla maksimal dərəcədə nəzakətlə davranmaq lazım gəlir, çox vaxt onları buraxırlar, amma nəzarətdən kənar qoymurlar: onları FTX-nın respublikadakı əməkdaşları izləyirlər.
Sorğu-sualdakı sərnişindən telefonu da tələb olunur - yazışmaları, fotoları, sosial şəbəkələrdəki səhifələri yoxlanılır. Əgər ekstremizmə meyl hiss olunarsa, söhbət uzanır, telefondan silinmiş fayllar bərpa edilir, baqaj yoxlanılır: "Söhbət saatlarla davam edə bilər, boynuna alanadək".
"Həqiqət iynəsi"nin tətbiqinə gəldikdə isə ondan çox nadir hallarda istifadə edirlər: çox zaman bu, məqsədəuyğun olmur, həmçinin yuxarı instansiyaların bununçün müvafiq icazəsini almaq lazım gəlir. Sərnişin barədə şübhələr təsdiqini tapanda onu xüsusi xidmətlərə ötürürlər. Əcnəbiləri isə qarşı tərəfin güc strukturlarına müvafiq məlumatlar ötürülməklə deportasiya edirlər.