BAKI, 20 fevral - Sputnik. Rusiyada ilk dəfə insanın quş qripinə yoluxması faktı qeydə alınıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un rəhbəri Anna Popova “Rossiya 24” kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vektor mərkəzinin alimləri Rusiyanın cənubunda yerləşən quşçuluq fabrikinin 7 əməkdaşında quş qripinin yeni A(H5N8) növünü aşkarlayıblar.
Qeyd edək ki, “quş qripi” kimi məlum olan xəstəlik yüz il əvvəl İtaliyada aşkar edilib. Lakin o vaxtlar bu xəstəlik həkimlərdə elə bir ciddi narahatlıq doğurmayıb.
Quş qripi yoluxucu xəstəlikdir, adi insan qripinin oxşarı olan A tipli qrip virusu ştamlarının birindən əmələ gəlir. Əlamətləri də oxşardır: yüksək hərarət, baş ağrısı, əzginlik, boğaz acışması, öskürək. Bu infeksiya öz fəsadları ilə - virus pnevmoniyasının inkişafı, böyrəklərin, qara ciyərin, qanyaradıcı orqanların zədələnməsi ilə təhlükəlidir. Məhz bu fəsadlar ölümə səbəb olur.
Alimlərin fikrincə, infeksiyanın yayılmasında köçəri quşlar əsas rol oynayır. Məsələn, miqrasiya edən su quşları, xüsusən də, çöl ördəkləri quş qripi virusunun təbii “rezervuarıdır”. Quş qripi virusunun 15 yarımtipi arasında H5N1 virusu Dünya Səhiyyə Təşkilatının nümayəndələrində daha çox narahatlıq doğurur. Bu yüksək patogenli virusdur və insanlar üçün təhlükəlidir. Lakin virusun insandan insana keçməsi halları hələlik məlum deyil.
İnsanların quş qripinə yoluxmasının ilk təsdiqlənmiş halları 1997-ci ildə Honkonqda baş vermişdir. O vaxt bu xəstəlikdən 6 nəfər ölmüşdü. Sonralar dünyada bu xəstəliyə yoluxma və ondan ölüm halları çoxaldı.