BAKI, 19 fevral — Sputnik, Pavel Danilin. Son günlər bütün dünya Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sensasiyalı bəyanatını müzakirə edir. Nazirdən Rusiyanın Avropa İttifaqı (Aİ) ilə münasibətləri kəsib-kəsməyəcəyini soruşanda şəmimi şəkildə cavab verdi: "Biz artıq buna hazırıq. Əgər bir dəfə də iqtisadiyyatımıza risk yaradan hər hansı bir sahədə, o cümlədən ən həssas sferalarda sanksiyaların çoxaldığını görsək, o zaman, bəli". Lavrovun sözlərinə görə, Rusiya "dünyadan təcrid olunmaq istəmir, amma buna hazır olmalıdır. "Sülh istəyirsinizsə, müharibəyə hazır olun", - deyə diplomat bildirib. Rusiyanın Aİ ilə münasibətlərini kəsməyə hazırlaşması beynəlxalq aləmdə ən əsas xəbərlərdən birinə çevrilib.
Əlbəttə ki, Finlandiya xarici işlər naziri Pekka Haavisto ilə danışıqlardan bir neçə gün sonra Lavrov Rusiyanın mövqeyinə aydınlıq gətirdi və dedi: "Problemləri müzakirə etməyə hazırıq. Rusiyanın maraqlarına cavab verdiyi halda həm iqlim dəyişikliyi, həm də ətraf mühit məsələləri ilə bağlı qarşılıqlı münasibətdə oluruq. Ancaq bu əlaqənin karkası Brüsselin təşəbbüsü ilə şüurlu şəkildə dağıdıldı".
Bununla yanaşı, Lavrov Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Cozep Borrellin Moskvadan qayıtdıqdan sonra heç də dostyana olmayan açıqlamalar verdiyini də xatırladıb. Borrell, xüsusilə də, Rusiyanın ümidləri doğrultmadığını, müasir demokratiyaya çevrilə bilmədiyini və sürətlə Avropadan uzaqlaşdığını vurğulamışdı.
Əslində, Lavrovun da qeyd etdiyi kimi, hər şey tam əksinədir: Brüssel tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi əsasında mövcud olan bütün mexanizmləri bir-birinin ardınca məhv etdi. Bura ildə iki dəfə keçirilən sammitlər, Rusiya hökumətinin Avropa komissarları və Avropa Komissiyasının rəhbərləri ilə görüşləri, ümumi məkan yaratmaq barədə dörd layihə, 20-dən çox sahə üzrə dialoq, Rusiya xarici işlər naziri ilə Aİ-nin yüksək nümayəndəsinin qatıldığı Tərəfdaşlıq və Əməkdaşlıq Şurasının illik iclasları daxildir.
Başqa sözlə, Sergey Lavrov avropalıları başa salmaq istədi ki, Rusiya artıq başıqapazlı uşaq rolunu oynamaqdan bezib. Tanqo iki nəfərlik rəqsdir. Zorla gözəllik olmaz. Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin haqlı olaraq qeyd etdiyi kimi, normal təmasları faktiki olaraq dayandırmaq təşəbbüsü Rusiyadan deyil, Aİ-nin özündən gəlib. Eyni zamanda, rus diplomatlarla Avropa bürokratları arasındakı seyrək təmaslar nəticəsində belə qarşılıqlı anlaşma əldə etmək mümkün olmur. Əvəzində Rusiyanın ünvanına yeni təhdidlər səsləndirilir və növbəti sanksiya paketi ilə şantaj edilir. Cozep Borrellin yuxarıda qeyd olunan Moskva səfərindən sonra da belə oldu. Borrell Brüsselə çatar-çatmaz Rusiyanı ən ağır günahlarda ittiham edərək dərhal Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırdı. Adama deyərlər ki, bəs niyə gəlmişdin?
Aydın məsələdir ki, bu formatda dialoqu davam etdirməmək daha yaxşıdır. Artıq Moskva rəsmi şəkildə elan etdi ki, Aİ-ni müzakirələr apara biləcəyi tərəfdaş kimi qəbul etmir. Etibarlı tərəfdaş kimi də görmür. Və nəhayət, Avropa İttifaqı ilə əldə olunan hər hansı bir razılaşma ona Brüssel tərəfindən əməl olunacağına təminat vermir. Əgər avropalı məmurlar nə isə vəd edirlərsə və hətta öz öhdəliklərini kağız üzərində rəsmiləşdirirlərsə, bu heç də o demək deyil ki, onlar üzərinə götürdükləri işi real şəkildə yerinə yetirəcəklər.
Avropalı bürokratların sözü əslində onun yazıldığı kağızdan belə dəyərsizdir. Bunu Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç də gözəl bilir. O, 2014-cü ilin fevral ayının 21-də "Avromeydan" liderləri ilə "Ukraynada siyasi böhranın nizamlanması haqqında razılaşma" imzaladı. Bir sıra yüksək səviyyəli Avropa məmurları da bu razılaşmanın qarantı kimi çıxış etdilər. Yeri gəlmişkən, həmin vaxt Rusiya təmsilçisi sənədi imzalamaqdan imtina etmişdi. Və haqlı çıxdı, çünki Avropa İttifaqının zəmanəti elə kağız üzərində də qaldı: bu razılaşmadan cəmi bir neçə gün sonra qiyamçı kütlə Ukrayna prezidentinin iqamətgahını tutdu, ölkə konstitusiyasına zidd olaraq Ali Radada müxalifət Yanukoviçi hakimiyyətdən kənarlaşdırdı, prezident özü isə ölkədən qaçmalı oldu. Varşava, Berlin və Brüssel də baş verənləri izləyib çəpik çaldı. Heç buna görə üzr istəyən də olmadı. Hamı özünü elə göstərdi ki, guya ortada heç bir zəmanət-filan olmayıb. Bu, siyasi fırıldaqçılıq deyil, bəs nədir?
Daha bir vacib məqam da var. Rusiyanın xarici işlər naziri müasir dünyanın ən yaxşı diplomatlarından biridir, buna görə də onun ağzından çıxan hər bir söz əhəmiyyət daşıyır. Çünki bizim nazir sözləri seçməyi yaxşı bacarır. Odur ki, yalnız söylənilənlərin ümumi məğzini deyil, hər bir nüansı yaxşı analiz etmək lazımdır.
Məsələn, elə bir faktı götürək: Lavrov Avropa ilə deyil, Avropa İttifaqı ilə münasibətləri kəsməkdən bəhs edib. Rusiyanın elə ən mühüm mesajı da bundan ibarətdir. Biz bu iki anlayışı – Avropa bürokratiyası ilə bu qitənin ayrı-ayrı ölkələrini bir-birindən fərqləndiririk. Aİ – etibarlı, adekvat, güvənilən tərəfdaş deyil və Rusiya onunla əməkdaşlıqdan imtina etmək istəyir. Ayrı-ayrı Avropa ölkələrinə gəlincə, Moskva qətiyyən onlarla münasibətini kəsmək fikrində deyil. Hətta mövcud sanksiyalar şəraitində belə ölkələrimiz arasında Almaniya ilə olduğu kimi, hər iki dövlətin xeyrinə pis-yaxşı ortaq layihələr həyata keçirilir.
Borrell kimi Avropa məmurları da Aİ-yə daxil olan ölkələrin maraqları deyil, Vaşinqtonun israrlı istəkləri ilə üst-üstə düşən korporativ maraqları əsasında hərəkət edir. Bu səbəbdən də ittifaqa üzv olan ayrı-ayrı dövlətlərin maraqlarına zidd siyasi xətt yürüdürlər.
Söhbət yalnız Fransa, Almaniya, İtaliya kimi iri oyunçulardan getmir, əlbəttə ki, bu üç ölkə Aİ-nin rusofob mövqeyinə görə digərlərindən daha çox şey itirir. Eyni zamanda, Brüsseldəki məmurlar öz maaşlarını bu ölkələrin vergiləri hesabına aldıqlarına görə qətiyyən narahat deyillər.
Sergey Lavrovun açıqlamalarına qayıtsaq, qeyd etmək lazımdır ki, Rusiya Avropa ilə münasibətlərində arabanın beşinci təkəri rolunu oynayan, bizim üçün çox mənasız və hətta ziyanlı Avropa qurumları ilə əlaqələrini kəsməyə qərar verdi.
Vaxtilə amerikalı diplomat Henri Kissincer sonradan çox məşhur olan bir sual vermişdi: "Avropa ilə danışmaq üçün kimə zəng etməliyəm". Kissincer bununla ABŞ üçün hər hansı bir vacib məsələnin Avropa səviyyəsində həll edilə bilməyəcəyini nəzərdə tuturdu. London, Berlin və ya Parislə ayrıca danışmalı olacağıq.
İllər keçdi və hazırkı vəziyyət göstərir ki, geostrateji miqyasda hər hansı bir ciddi dəyişiklik baş verməyib. London bu yaxınlarda "millətlər ailəsini" tərk etdi. Berlin və Paris isə ittifaqın "sağmal inəkləri" roluna getdikcə daha çox məcbur edilir. Və məhz belə bir zamanda Rusiya bütün dünyaya Avropa İttifaqının institutları və bürokratları ilə münasibətlərin səmərəsiz və mənasız olduğunu bəyan etdi. Almaniya və ya Fransa ilə ayrıca danışmaq daha yaxşıdır. Bu danışıqlar hər zaman xoş ovqatda keçməyə bilər, amma daha faydalı olacağı dəqiqdir: çünki qarşılıqlı maraqlar və mümkün kompromis nöqtələri bəllidir. Bundan sonra Rusiya Brüsseli kənarda qoyaraq birbaşa bu ölkələrlə ünsiyyət quracaq, çünki vahid Avropa açıq-aşkar heç kimin ümidlərini doğrultmadı.