Elvin Səlimov, Sputnik Azərbaycan
BAKI, 14 fevral — Sputnik. Ermənistan-Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını təmin edən 10 noyabr sazişində, eyni zamanda yavarın 11-də Moskvada imzalanmış üçətərfli bəyanatda iki ölkə arasında nəqliyyat, kommunikasiya əlaqələrinin qurulmasını, bərpasını nəzərdə tutan müddəalar əks olunub. Azərbaycan prezidenti İlham Əliyev də Moskvada keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatında bildirmişdi ki, nəqliyyat kommunikasiyalarının bərpası regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər.
Fevralın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri Vendi Mortonla görüşü zamanı da bu məsələyə diqqət çəkərək bildirib ki, üçtərəfli bəyanatlara əsasən bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılışı, habelə yeni nəqliyyat dəhlizinin çəkilişi bölgədə tərəqqinin təmin edilməsi və insanlar arasında münasibətlərin normallaşmasına xidmət edəcək.
Azərbaycan tərəfindən xoşməramlı açıqlamalar olmasına rəğmən Ermənistanın ictimai-siyasi mühitində Azərbaycana qarşı nifrət ritorikasını yenidən alovlandırmaq cəhdləri görünür. Həm Ermənistanın mövcud hökuməti, həm də hakimiyyətə can atan erməni müxalifəti iki ölkə arasında düşmən münasibətlərin qalıcı olması üçün əllərindən gələni edirlər. Xüsusən də Ermənistan tərəfinin üçtərəfli bəyanatdan irəli gələn şərtləri yerinə yetirməkdən boyun qaçırması məğlub ölkənin xoşməramlı olmayan niyyətlərindən xəbər verir.
Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a kommunikasiya əlaqələrinin bərpasının önəmi haqqında danışıb.
Politoloq bildirib ki, kommunikasiya əlaqələrinin qurulması üçün hər hansı maneə yoxdur: "Ermənistan siyasi rəhbərliyi qətiyyət göstərib bu prosesin başlamasına "hə" desə məsələ həllini tapacaq. Bu əlaqələrin bərpası iqtisadi imkanların genişlənməsi deməkdir. Otuz il ərzində Ermənistanın işğalçı siyasəti nəticəsində bu proseslərdə tormozlanma baş verib. Bu əlaqələrin qurulması daha çox Ermənistana lazımdır. Ermənistan onsuz da itir-itirə gedir. Bu məsələdə öz aralarında bir qərara gəlməlidirlər. Əlaqələrin qurulması üçün ilkin addımlar üçtərəfli bəyanatın imzalanması ilə atılıb. Ermənistan tərəfinin isterikaya qapılaraq hay-küy salmasının heç bir faydası olmayacaq".