Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 13 fevral - Sputnik. Şuşa köçkünü olan Bəxtiyar Aslanov Vətən müharibəsinə həm də doğma ata-baba yurdunu azad etmək üçün qatılmışdı. Şuşa şəhərini azad etmək ən böyük arzusu idi. Ailəsi Naftalan şəhərində məskunlaşdığından Bəxtiyar Aslanov bu şəhərədə böyüyüb başa çatmışdı. Döyüşlərin ilk günü doğmaları ilə əlaqə saxlasa da, sonra ondan 137 gün xəbər ala bilməmişdilər.
İtkin kimi axtarışda olan 1998-ci il təvəllüdlü hərbi qulluqçunun nəşi ötən gün Murovdağın Ağbaba yüksəkliyində aşkarlanıb. Müddətdən artıq xidmət edən Bəxtiyar Aslanov Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissədə qulluq edib.
Nəşi tapılan şəhid B.Aslanov ailəsinin istəyi ilə Goranboy rayonunun Balakürd kənd qəbirstanlığında dəfn edilib. Dəfn mərasimində şəhidin yaxınları, Naftalan şəhər İcra Hakimiyyətinin başçısı və digər rəsmi şəxslər iştirak edib.