BAKI, 18 yanvar — Sputnik. "Çox təəssüflər, 30 il ərzində bir siyasi həll yolu olmadığı üçün Dağlıq Qarabağ mövzusunda hərbi həll yolu oldu. Hazırda bir atəşkəs var. Bu, önəmli fürsətdir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu alman həmkarı Hayko Maasla keçirdiyi görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
"Bu fürsəti əldən buraxmamaq lazımdır. Biz Türkiyə və Azərbaycan olaraq, əgər atəşkəs qalıcı olarsa, Ermənistan da buna inanarsa, Ermənistanla da münasibətlərimizi normallaşdırma mövzusunda addımlar ata bilərik. Bu addımları Azərbaycanla birlikdə koordinasiya edəcəyik. İndi çox önəmli bir fürsət var.
Bunun itirilməməsi önəmlidir. Nəqliyyat, enerji layihələri, sərhədlərin açılması daxil çox müsbət gündəm var. Bu müsbət gündəmə töhfə verməyə Türkiyə olaraq davam edəcəyik. Atəşkəsin daimi olmasını diləyirik. Bu mövzuda Ermənistanın da cəsarətləndirilməsi lazımdır", - deyə Çavuşoğlu qeyd edib.