BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.
Sputnik Azərbaycan xəbər verir ki, sonra Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Onlar Şuşadakı Yuxarı Gövhər Ağa məscidində dua ediblər.
Prezident Şuşada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun, şairə, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın və xanəndə Bülbülün büstlərinin açılışını edib.
Prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə Şuşadakı Cıdır düzünü də ziyarət ediblər. Onlar həmçinin Vaqifin dağıdılmış məqbərəsində olublar.
Prezident həmçinin Şuşadakı Qazançı kilsəsini də ziyarət edib.