BAKI, 14 yanvar — Sputnik, Olqa Buqrova. Axşamlar kinoya baxar, bişmiş kolbasa və pivə ilə bağlı xəyala dalardıq. Külək bizi uçurmasın deyə ipdən tutub gəzərdik. Ən gözəl mənzərə aysberqlər, əsas canlılar pinqvinlər idi. "Molodyojnaya" elmi-tədqiqat stansiyası öz fəaliyyətinə 1963-cü il yanvarın 14-də başlayıb.
Öldürücü fırtına
SSRİ-nin "Molodyojnaya" stansiyası Antarktidanın ən yaxşı elmi mərkəzi kimi şöhrət tapmışdı. Stansiyada buz xəritələri tərtib edir, qar örtüyünün hündürlüyünü ölçür, qütb şəfəqlərini araşdırır və meteomüşahidələr aparırdılar. Bu stansiya 1979-cu ildə dünyada ilk dəfə olaraq atmosferi meteoroloji lazerlə tədqiq edib.
"Mövsümdə orada 1000-ə yaxın adam olurdu, qalan vaxtlarda isə stansiyadakıların sayı 100-150 nəfər arasında dəyişirdi. Belə stansiyalarda iş antarktik mövsüm boyunca – noyabrdan fevrala kimi davam edirdi. Sonra qış başlayırdı. Bura "mövsüm"ü də əlavə etsək, 14-15 ay alınar: standart proqram.
Bəzən elə olurdu ki, insanlar ikinci qışa da qalırdılar. Ancaq bu hallardan qaçmağa çalışırdıq. Çünki qış – iyun, iyul və avqust – Antarktidada ən çətin dövrdür. Yalnız qütb gecəsinə görə deyil, o çox uzun olmur, həm də ona görə ki, orada daim güclü fırtına əsir. Külək elə güclü olur ki, bir göz qırpımında adamı alıb çox-çox uzaqlara ata bilər", – Rusiyanın fəxri qütb tədqiqatçısı Viktor Boyarski belə deyir.
Onun sözlərinə görə, qütbçülər tez-tez bişmiş kolbasının və pivənin həsrətini çəkirdilər. Ona görə yox ki, onların yeməklə təchizatı yaxşı deyildi, sadəcə, orada soyuğa davam gətirə bilmək üçün yalnız hisə verilmiş kolbasa var idi. Pivəyə gəlincə, yalnız on gündə bir dəfə bir parç içmək olardı. Antarktidada bundan artıq spirtli içki qəbul etmək olmaz, çünki təhlükəlidir.
Bir damın altında
Antarktidada illərlə qalmaq da sağlamlıq üçün təhlükə hesab olunur. Həkimlər təsdiqləyirlər: əgər insan Antarktida buzları üstündə 5 il yaşasa, onun orqanizminin müdafiə qabiliyyəti tamamilə məhv olar. Daha bir risk də var: psixoloji gərginlik.
İnsanlar monoton mənzərəni aylarla müşahidə edərlərsə, onlarda təhlükə hissi kütləşir. Bu isə artıq həyat üçün təhdid deməkdir.
Lakin Viktor Boyarski bu fikirlə razılaşmır: "Monoton mənzərə ədəbi anlayışdır. Axı insanlar səhrada deyildilər! Antarktidada evlər çox rahat, şərait əla idi. Adətən, hər kəs evdə təkbaşına yaşayırdı. İstəyən gül-çiçək, tərəvəz yetişdirirdi. Gündə üç dəfə yeməkxanada görüşürdülər. Orada müxtəliflik fikirləşdiyinizdən də çox idi".
Bununla belə, Boyarski Antarktidada psixi sağlamlıq üçün riskin olduğunu qəbul edir. Özü də müasir stansiyalarda. Onun sözlərinə görə, ev və iş, məişət və qidalanma zonalarının ayrı-ayrı yerlərdə olduğu köhnə stansiyalardan fərqli olaraq, yeniləri monobloklar şəklində inşa olunur. Necə deyərlər, hər şey bir damın altında. Bu, təhlükəsizliyə təminat versə də, insanda təcrid olunma hissini gücləndirir. Amma əsas odur ki, bu hissə qapılmayasan...