“İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın təmin edilməsi üçün investisiya axınlarının kəskin şəkildə artırılmasına ehtiyac var”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.
Professor bildirib ki, bu baxımdan kiçik və orta sahibkarlığın inkişafı prioritet təşkil edir: “Ölkədə reallaşdırılan iqtisadi idarəetmə siyasəti nöqteyi nəzərdən strateji planlama mexanizmləri hazırlanıb işə salınmalıdır. Dövlət həm maliyə infrastrukturunun təkmilləşdirilməsinə nail olmalıdır, həm də bütövlükdə infrastruktur layihələrinin icrasına getməlidir. Bununla biznesdə dayanıqlı inkişaf üçün zəmin yaradılmış olacaq. Biznesə uzunmüddətli əlçatan kreditlər təklif edilməlidir”.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlar biznes layihələrini Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) təqdim edə bilərlər. Agentliyə müraciət edən sahibkarlara işğaldan azad olunmuş ərazilərin iqtisadi və investisiya potensialına dair informasiya, məsləhət, əlaqələndirmə və digər dəstək və xidmətlər göstəriləcək.
Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz