İbrahim Həşimov, Sputnik Azərbaycan
BAKI, 24 dekabr – Sputnik. 44 günlük qəhrəmanlıq dastanının müəlliflərindən olan Qax rayonunun Qıpçaq kənd sakini Nəzir Osmanov sentyabrın 27-dən döyüşlərə qatılıb. Yaxınlarının sözlərinə görə, Nəzir uşaq yaşlarından çox vətənpərvər və hərbini sevən biri olub. Atası Rahib Osmanov deyir ki, oğlu hər zaman Qarabağın işğaldan azad edilməsində iştirak edəcəyi günü gözləyib:
"Mən fəxr edirəm ki, belə oğul böyütmüşəm. Məktəb vaxtında da oğlum vətənpərvər idi. Həmişə mənə deyirdi ki, mən əsgərlikdən gəlməyəcəyəm, orada qalacağam. Hərbini sevirdi. Həmişə hərbiyə meylli idi".
Nəzir hərbi xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarına daxil olub və xidmətini çavuş kimi davam etdirib. Xidməti dövründə də bir neçə dəfə mükafatlandırılıb. Anası Arzu Osmanova bildirir ki, müharibənin ilk günündə övladı sevinə-sevinə döyüşlərə qatılıb:
"Sentyabrın 27-də döyüş olanda dedi ki, "Ana, biz döyüşə gedirik. Narahat olma, ermənilərin hamısını qıracağıq". Mən ana kimi fəxr edirəm ki, oğlum vətənpərvər olub, vətən yolunda şəhid olub, torpağını sevib".
Atası qeyd edir ki, Nəzir döyüşlərdə sürücü kimi şəxsi heyətin və silah-sursatın daşınması ilə məşğul olub. Lakin o, yoldaşlarını heç vaxt tək qoymayaraq həmişə onlarla birlikdə döyüşə qatılıb. Bir neçə yaralı hərbçimizi döyüş meydanından çıxararaq həyatını xilas edib.
Kəndlər, şəhərlər işğaldan azad edildikcə də zəng edərək ailəsinə ilk şad xəbəri özü çatdırmağa çalışıb. Şuşa uğrunda gedən döyüşlərdə yaxınlığına düşən minaatan mərmisinin qəlpəsindən ağır yaralanıb. Xəstəxanaya aparılarkən isə yolda şəhidlik zirvəsinə ucalıb.
"Sürücü idi. Yoldaşları deyir ki, Nəzir sürücü idi. Amma maşının saxlayıb bizlə birlikdə gəlirdi. Deyirdi ki, "Siz döyüşüb mən burada dayana bilmərəm. Sona qədər birlikdə gedəcəyik". Sonuncu dəfə Şuşa yoluna qalxanda maşını saxlayıb. Yoldaşlarını tək qoymayıb, onlarla gedib. Orada düşmənin mərmisinə tuş gəlib. Ağır yaralanıb. Xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib".
Şəhidin dayısı Rövşən Aslanov söyləyir ki, Nəzir hər zaman işğaldakı torpaqlarımızın azad edilməsini, hətta o torpaqlarda şəhid olmağı arzulayıb:
"Torpaqlarımızın düşməndən geri alınması hissini o qədər sevinclə, qürurla yaşayırıq ki. Düzdür, bacım oğlu şəhid olub, amma o ölməzdir. Onun daim ürəyində olan arzusu o idi ki, "Şəhid olacağam, dayı. O torpaqda şəhid olacağam, bir qarış torpağımız düşməndə, işğalda qalmasın". O arzuya da çatdı, ona da nail oldu".
Nəzir doğulub boya-başa çatdığı Qıpçaq kəndində dəfn edilib.