BAKI, 23 dekabr - Sputnik. Rusiya dekabrın 24-dən etibarən 12 Azərbaycan müəssisəsindən pomidor idxalına qoyduğu məhdudiyyəti ləğv edib.
Sputnik radiosu xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) direktor müavini Anton Karamzin bildirib.
Onun sözlərinə görə, pomidor idxalına qoyulan məhdudiyyətin ləğvi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müraciətinə baxılması və həmin qurumun zəmanəti nəticəsində olub.
Xatırladaq ki, Rosselxoznadzor dekabr ayının 10-dan etibarən Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qadağa qoymuşdu.
İdarədən bildirmişdilər ki, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkar ediblər və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat veriblər. Təkcə 22 oktyabr tarixindən etibarən xidmətin mütəxəssisləri "Avrasiya İqtisadi Birliyi üçün karantinə alınan obyektlərin - Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu"nun 17 dəfə aşkarlandığını qeyd ediblər.
Dekabrın 16-dan etibarənsə, Rosselxoznadzor Azərbaycanın bir neçə müəssisəsinin ölkəyə pomidor ixrac etməsinə icazə vermişdi.
Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172.359 min ton (bu məhsulların ümumi idxalının 30.9 faizi) təşkil edib. Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir.