İlham Mustafayev, Sputnik Azərbaycan
BAKI, 20 dekabr — Sputnik. Şəhidlərimiz baş tacımız, tarix yazan igidlərimizdir. Onlar Vətən müharibəsinin qələbəsini öz qanları ilə tarixə həkk etdilər. Belə şəhidlərimizdən biri də tankçı gizir Elvin Orucovdur.
29 yaşlı gizir Elvin Orucov Qazax rayonunda doğulub. O, həqiqi hərbi xidməti bitirdikdən sonra hərbçi olmağa qərar verib. On ilə yaxın idi ki, tankçı olaraq Azərbaycan Ordusunda xidmət göstərirdi. Hələ aprel döyüşlərində tankı ilə düşmənin canına vəlvələ salaraq döyüşlərdə fərqlənib. İkinci Qarabağ müharibəsində də elə qəhrəmanlıq göstərdiyi tankının içərisində şəhadətə yüksəlib.
Şəhidin anası Səidə Orucova Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində Elvinin həmişə işğal altında qalan torpaqların azad edilməsi arzusunda olduğunu deyir. Döyüşlər başlayan gün isə anası ilə telefonla danışanda bu istəyinə çatdığını söyləyib: “Sentyabrın 27-si zəng elədi. Dedi, məndən narahat olmayın. Neçə ildir arzuladığım məqam yetişib. Bu onunla son danışığımız oldu. Müharibənin ilk günündə düşmənin cəbhə xəttini öz tankı ilə yararkən şəhid olub.
Torpaqlar alındıqca ürəyimə su səpilirdi. Deyirdim, heyf ki, oğlum bu günü görmədi. Şuşa alınanda hamımız ağladıq sevincimizdən. Küçəyə qaçdıq. Sevinən insanlara qoşulduq. Həmin gün qəbrini ziyarətə gedəndə dedim, oğul, qanın yerdə qalmadı. Dostların, qardaşların sənin qisasını aldılar".
Şəhidin bacısı Səbinə Orucova qardaşının qanını yerdə qoymayan, qisasını alaraq Vətən torpaqlarını düşmən tapdağından azad edən və onun üzərində zəfər qazanan Ordumuza təşəkkürünü bildirib. Qardaşı ilə bərabər onun həyat yoldaşı da Füzuli istiqamətində döyüşlərdə iştirak edib.
“Qardaşım Vətənə bağlı idi. Bacısı olaraq mən onunla həmişə fəxr eləmişəm. İndi də fəxr edirəm. Axırıncı dəfə onunla danışanda mənə dedi ki, "Bacı, ürəyini buz kimi saxla, hər şey ola bilər. Füzili rayonunda xidmət edirdi. Elə arzusu da Füzulini azad görmək idi. Deyirdi, burada yaşayıram, buralara öyrəşmişəm, buranı da azad etmək uğrunda döyüşəcəyəm”, - şəhidin bacısı bildirib.
Ailəli olan Elvinin indi iki övladı - 5 yaşlı oğlu və 5 aylıq qızı böyüyür. Anası ilə söhbətlərində həmişə övladlarını ali təhsilli görmək istədiyini deyib. Şəhid Elvin Orucov Qazax Şəhidlər xiyabanında dəfn edilib.