Azərbaycan Prezidenti İlham Əliyev cümə günü 18 dekabr tarixində Özbəkistanın sədrliyi ilə videokonfrans rejimində keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında iştirak edib.
Dövlət başçısı iclas iştirakçılarını ölkədə koronavirusla mübarizənin necə aparıldığı barədə məlumatlandırıb və İkinci Qarabağ müharibəsi haqqında ətraflı danışıb.
“Regionun gələcəyi Ermənistan dövlətinin vəziyyəti necə düzgün qiymətləndirə biləcəyi və sülhün uzunmüddətli və davamlı olması üçün düzgün addımlar ata biləcəyindən asılıdır”, - deyə Prezident İlham Əliyev bəyan edib.
İştirakçılar MDB çərçivəsində siyasi, ticari-iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, habelə koronavirus infeksiyasının yayılması əleyhinə birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
İclasın sonunda MDB məkanının gələcək inkişafı üzrə yenilənmiş Konsepsiya təsdiq edilib, BMT-nin yaradılmasının 75 illiyi münasibətilə birgə bəyanatlar və bir sıra digər sənədlər qəbul edilib.