BAKI, 15 dekabr - Sputnik. İkinci Qarabağ müharibəsinin yeganə şəhid xanımı - Arəstə Baxışovanın adı bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təltif olunan hərbi qulluqçular siyahısındadır.
Sputnik Azərbaycan bildirir ki, o, "Vətən uğrunda" medalı ilə təltif olunub.
Qeyd edək ki, 1989-cu ildə Xaçmazda doğulan Arəstə Baxışova Azərbaycan Silahlı Qüvvələrinin Hospitalında tibbi statist vəzifəsində, daha sonra isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində çalışıb.
Azərbaycan Ordusunun çavuşu olan hərbi tibb qulluqçusu Arəstə xanım sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Özündən sonra iki övladı qalıb: Zəhra və Mərdan indi nənələrinin himayəsindədirlər.