QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dönüşümüz möhtəşəm olacaq - Cəbrayıllıların Qarabağla bağlı öz planları var

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidCəbrail rayonunda
Cəbrail rayonunda - Sputnik Azərbaycan
Abunə olmaq
"Cəbrayılda gözəl ev-eşiyimiz vardı. Maldarlıqla məşğul olurduq, mal-qara saxlayırdıq, onların yununu qırxıb atmırdıq. Həm özümüz üçün, həm də dövlət üçün xalçalar toxuyurdum" - Suruş Ağayeva

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Oktyabrın 4-də Cəbrayıl şəhəri və bir sıra kəndlərinin işğaldan azad edilməsi xəbəri bütün Azərbaycanı coşdurdu, 30 ilə yaxın Vətən, torpaq həsrəti ilə yanan, torpağının havası, suyu, iyinə acmış cəbrayıllılar artıq özlərinin qayıdış planını cızırlar.

Hər zaman zəngin torpağı, bar-bərəkəti, məhsuldarlığı ilə fərqlənən bu torpaq özünün ipəkçilik, baramaqurdu təsərrüfatı, pambıqçılıq, üzümçülük və digər təsərrüfat növləri, eləcə də xalçaçılıq kimi müxtəlif peşə növləri ilə məşhur olub.

Qarabağın böyük tarixini özündə əks etdirən xalça və kəlağayı - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Xan qızı Natəvanın kəlağayılı xalısı, "ballı" atlar, Şuşanı gözləyən ürəklər - REPORTAJ

Sputnik Azərbaycan cəbrayıllılarla bu torpağın potensialı haqda danışıb. 1993-cü ildən öz rayonundan didərgin düşən, 80-dən çox yaşı olan Ağayeva Suruş nənə, demək olar ki, özünü dərk edəndən elə xalçaçılıq, ipəkçilik, baramaçılıqla məşğul olub. Cəbrayılın geri qayıtması xəbəri onu da fərəhləndirib. Nənə bizə bir qədər oradakı həyatından, xoş xatirələrindən danışır: "Cəbrayılda gözəl ev-eşiyimiz vardı. Maldarlıqla məşğul olurduq, mal-qara saxlayırdıq, onların yununu qırxıb atmırdıq. Yunu darayıb, əyirib gəbə, palaz, kilim toxuyurdum. Həm mal-qara ilə məşğul olurdum, həm də xalçaçılıq, ipəkçilik, baramaçılıqla məşğul olurdum. Həm özümüz üçün, həm də dövlət üçün xalçalar toxuyurdum".

"İpəkqurdu da saxlayırdıq, 50-100 kilo olurdu. Alınan baramanı isə pulu ilə hökumətə satırdıq", - deyə o əlavə edir.

O vaxtlar xalça toxumaq isə daha çətin idi. Suruş nənə deyir ki, bunun üçün onların heç bir texnikası da yox idi, elə özləri dəzgah hazırlayıb kilim, gəbə toxuyurdular. İndi isə Suruş nənənin gözü seçmir, o xalçalardan yenidən toxuya bilməsə də, övladlarına böyük bir yadigar buraxıb: "Övladlarım böyüdülər, ailə qurdular, gəlinlər gələndən sonra başladım onlar üçün də növbənöv xalça toxumağa. Hamısının evində mənim toxuduğum bu xalçalardan var".

Elə bu xalçaları indi öz evində də göz bəbəyi kimi qoruyub-saxlayan Suruş nənə yüzlərlə xalça toxuyub. Cəbrayıl üçün burnunun ucu göynəyən nənə artıq ora qayıdacağı günləri sayır.

1994-cü ildən Bakıda fəaliyyətini davam etdirən Cəbrayıl rayon Uşaq Musiqi Məktəbinin direktoru Vüsal Zamanov Qarabağ musiqisini, sədalarını yenidən öz torpaqlarında səsləndirmək ümidi ilə günləri sayır. Cəbrayıl 6 yaşında tərk etmək məcburiyyətində qalan həmsöhbətimiz bizə xatirələrindən və cızdıqları planlardan danışır:

"Bizim kəndimiz 18 evdən ibarət idi. Kəndimiz, demək olar ki, qarış-qarış gözümün önündədir. Kimin evi hansı tərəfdə idi, onu da xatırlayıram. Kəhriz, bulaqlar harada idi, o da yadımdadır. O ağrılı-acılı, qaçaqaçlı günlərimiz belə yadımdadır. Onda körpə idim, indi xatırlayıb danışanda adam kövrəlir".

6 yaşında Cəbrayılı ayaqyalın tərk edən 33 yaşlı həmsöhbətimiz artıq geri qayıtmaq üçün bir qayıdış planını cızır. Qısaca olaraq məktəbin bunadək olan tarixi haqda danışan həmsöhbətimiz rəhbəri olduğu təhsil müəssisəsinin Cəbrayılda yenidən fəaliyyətə başlayacağı ilə bağlı ümidlidir:

Вид на Гадрут, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycan və Ermənistan Qarabağda əhalini necə məskunlaşdırmaq barədə danışıq aparacaq

"Bizim məktəb 1970-ci ildə Cəbrayıl rayonunda fəaliyyətinə başlayıb. 1994-cü ildən isə məktəb Bakı şəhərində fəaliyyətini davam etdirir. Yəni artıq 27-ci tədris ilidir ki, biz torpaqlarımıza qayıda bilmirik. Amma 27 il keçsə də, ümidlərimizi kəsməmişdik, bu günün gələcəyini bilirdik. Biz hər tədris ilinin başlanğıcında kollektiv yığıncağımızda bir gün öz fəaliyyətimizi elə Cəbrayılda bərpa edərik deyirdik. Artıq arzumuza çatmışıq, bəlkə 3-4 aya, bəlkə də 1 ilə rayonumuz bərpa olunar. Bu günü də böyük səbirsizliklə gözləyirik".

Həmsöhbətimizin atası Cəbrayıl rayon 7 saylı məktəbin direktorudur.

Cəbrayıl Tarixi Diyarşünaslıq muzeyinin direktoru Tariyel Abbaslı isə deyir ki, oranı tərk edəndə 41 yaşı olub. Həmsöhbətimiz 1993-cü ildə Cəbrayıl işğal olunanda, demək olar ki, muzeyin eksponatlarının 95 faizini xilas edə bilib. O, görüləcək işlərin çox olduğunu söyləyir: "Əsas odur ki, muzeyimizi erməni tapdağında qoymamışıq, oradakı nümunələri sağ-salamat çıxara bilmişik".

"Yəqin ki, muzeyin Cəbrayılda fəaliyyətinin bərpası üçün orada dövlət tərəfindən bina tikilərək istifadəyə veriləcək və biz də eksponatlarımızı yenidən Cəbrayıla qaytaracağıq", - deyə o əlavə edir.

Cəbrayılın ipəkçilik, üzümçülük, baramaçılıq, maldarlıq, heyvandarlıq, xalçaçılıq potensialından söz açan həmsöhbətimiz deyir ki, dünya xalça xəritəsində də Cəbrayılın adı var: "Yəqin ki, geri dönüş olduqdan sonra orada müəyyən fabrik və zavodlar, yeni iş yerləri açılacaq. Bu ənənəvi fəaliyyət növləri ilə yanaşı, yeni fəaliyyət növləri də açılacaq, pay torpaqları veriləcək, təsərrüfat sahələri qurulacaq".

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukrayna Prezidenti Vladimir Zelenskinin şərəfinə verilən rəsmi ziyafətdə - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycanın Birinci vitse-prezidenti Cəbrayıldan videogörüntülər paylaşdı

Qeyd edək ki, Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından biri hesab olunur. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbirdaşları vardır, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır. Cəbrayıl rayonunda müxtəlif türbələr - Dağtumas kəndində XIII-XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri var. Torpağının məhsuldarlığına görə Cəbrayıl Azərbaycanın ən zəngin torpaqlarından biridir.

Xəbər lenti
0