BAKI, 4 dekabr — Sputnik. Türkiyə Prezidentin Rəcəb Tayyib Ərdoğan İrandan olan həmkarı Həsən Ruhani ilə telefon danışığı zamanı Qarabağ məsələsini müzakirə edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının yaydığı məlumatda bildirilir.
Tərəflər Türkiyə və İran münasibətləri, həmçinin regional məsələləri müzakirə edib.
Danışıqlar zamanı Ərdoğan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi yeni fazaya daxil olub. O, həmçinin bildirib ki, bu dövrdə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə kölgə sala biləcək addımlardan çəkinmək lazımdır.
Türkiyə Prezidenti qeyd edib ki, Dağlıq Qarabağda sülh və sabitlik yeni imkanlar açacaq, bu da Ermənistan da daxil olmaqla regional ölkələrə fayda verəcək.
Ərdoğan, həmçinin iranlı nüvə alimi Möhsün Fəxrizadənin ölümü ilə bağlı İran xalqına və alimin ailəsinə başsağlığı da verib.
Türkiyə prezidenti qeyd edib ki, İranlı alimin ölümü regionda sülh və sabitliyin pozulmasına yönəlib.
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) isə Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.