BAKI, 4 dekabr — Sputnik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilmişdir. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilmişdir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında çıxışı zamanı bildirib.
İlham Əliyev Ermənistanın BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxış etdiyini xatırladaraq, Ermənistanın son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışdığını qeyd edib. Prezident vurğulayıb ki, Ermənistanın bu təşəbbüsə etiraz etməsinin yeganə səbəbi onun Azərbaycan tərəfindən irəli sürülməsi olub.