BAKI, 4 dekabr — Sputnik. Erməni diplomatlar birgə bəyanatla çıxış edərək Ermənistan Baş naziri Nikol Paşinyan və onun hökumətinin istefasını tələb ediblər. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Diplomatlar hökumət tərəfindən aparılan xarici siyasətin ölkəni ciddi təhdidlər qarşısında qoyduğunu bildiriblər. Onların fikrincə, Rusiya ilə müttəfiqlik münasibətlərinə lazımi diqqət verilməyib, İran, Çin, Gürcüstan ilə tərəfdaşlıq, habelə ABŞ, Avropa və digər ölkələrlə çoxşaxəli əlaqələr də fəal şəkildə inkişaf etdirilməyib.
Bütün bu amillər birləşərək 10 noyabr tarixində məğlubiyyət sənədinin imzalanmasına səbəb olub.
Eyni zamanda sabiq səfirlər və xüsusi elçilər vurğulayıblar ki, imzalanan sənədlə bağlı bir sıra suallar meydana çıxır. Bunlara Dağlıq Qarabağın statusu, ərazilər, kommunikasiyaların blokadası, əsirlər və girovlar, ölənlərin cəsədlərinin dəyişdirilməsi, həmçinin məcburi köçkün və qaçqınların qaytarılması haqqında məsələlər də daxildir.
Onlar vurğulayıblar ki, erməni diplomatlar layiqli danışıqlarla bağlı zəmin hazırlamaq üçün ciddi bir iş görməyiblər.
Diplomatların fikrincə, bu, yalnız Ermənistan Baş naziri və hökumətinin istefa verəcəyi təqdirdə mümkün ola bilər.