Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 26 noyabr — Sputnik. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin "Kəlbəcərin işğalı ilə bağlı BMT TŞ-nin sənədlərini Fransa səfiri necə zəiflətdi" başlıqlı məqaləsi ABŞ-ın "Medium" onlayn media platformasında dərc edilib.
Konsulluqdan Sputnik Azərbaycan-a bildirilib ki, məqalədə 25 noyabrda Kəlbəcərin 27 illik işğalına son qoyulmasından bəhs edilib.
N.Ağayev 1993-cü ildə Kəlbəcərin işğalının və orada yaşayan azərbaycanlıların etnik təmizləməyə məruz qalmalarının Ermənistan-Azərbaycan münaqişəsinin ən ağrılı səhifələrindən biri olduğunu bildirib. O, bu xüsusda "Human Rights Watch" təşkilatının hesabatına istinad edərək, Kəlbəcərin işğalı nəticəsində 60 min insanın öz doğma torpaqlarından didərgin salındığını, onların ağır müharibə şaraitində və çətin hava şərtləri altında rayonu tərk etdiyini və çoxlu sayda mülki azərbaycanlının öldürüldüyünü və əsir götürüldüyünü vurğulayıb.
Kəlbəcərin işğalı ilə bağlı bu dəhşətli faktların sübutu kimi baş konsul bu yaxınlarında apardığı araşdırmalar zamanı ermənilər tərəfindən çəkilmiş bir videonu üzə çıxartdığını və videonun sosial şəbəkələrdə geniş yayıldığını qeyd edib. N.Ağayev bildirir ki, sözügedən videoda Kaliforniya doğumlu erməni terrorçu Monte Melkonyan və onun əlaltıları gülərək və əylənərək Kəlbəcərdəki azərbaycanlı əhaliyə rayonu tərk etmək üçün 10 saat vaxt verdiklərini səsgücləndirici vasitəsilə bildirirlər.
N.Ağayev qeyd edib ki, Kəlbəcərin işğalından dərhal sonra, 6 aprel 1993-cü ildə BMT Təhlükəsizlik Şurası bu işğalı pisləyən və işğalçı qüvvələrin rayon ərazisindən çıxarılmasını tələb edən bəyanat qəbul etmişdi. O, bu yaxınlarda Klinton Prezident Kitabxanası tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yayılmış, Dövlət Departamentinin məxfilik qrifi qaldırılmış məktublarına istinad edərək, həmin vaxt Fransanın BMT-dəki daimi nümayəndəsi Jan-Bernard Merimenin (Jean-Bernard Mérimée) Kəlbəcərin işğalı ilə bağlı BMT TŞ-nin bəyanatının mətnində əhəmiyyətli dəyişikliklər etməyə nail olduğunu vurğulayıb. Belə ki, J.-B.Merime ABŞ-ın BMT-dəki səfiri M.Olbrayt və digər BMT TŞ üzvlərinin təklif etdikləri mətnə qarşı çıxaraq, işğalçı tərəf kimi Ermənistanın təqsirləndirilməsinin qarşısını hər vəchlə almaq üçün Kəlbəcəri işğal edən tərəf kimi sənədə "yerli erməni qüvvələri" ifadəsinin daxil edilməsinə nail olmuşdu. 30 aprel 1993-cü ildə qəbul edilmiş, Kəlbəcərin işğalı ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinə də Merimenin səyləri nəticəsində eyni ifadə daxil edilmişdi.
Baş konsul bildirib ki, həmin dövrdə BMT Baş Katibinin Təhlükəsizlik Şurasına məsul köməkçisi erməni əsilli Benon Sevan idi. 2000-ci illərin əvvəllərində Sevan və Merime Səddam Hüseyn rejimindən rüşvət almaqda təqsirkar biliniblər.
N.Ağayev Merimenin erməni təəssübkeşliyinin yarım milyonluq erməni icmasının mövcud olduğu Fransanın yürütdüyü diplomatiya ilə də həmahəng olduğunu bildirir. Baş konsul yazır ki, məhz bu səbəbdən Azərbaycan 1997-ci ildə Fransanın Minsk Qrupu həmsədrliyinə gətirilməsinə etiraz etmiş və Qrupda müəyyən tarazlığa nail olmaq üçün ABŞ-ın da həmsədr təyin olunmasına nail olub.
Erməni lobbisinin təkidilə Fransa Senatında qondarma "DQR"in "müstəqilliyi"nin tanınmasını hökumətə tövsiyyə edən qətnamənin qəbuluna toxunan N.Ağayev qeyd edir ki, belə bir tanıma ciddi beynəlxalq hüquq pozuntusu olmaqla yanaşı, Fransanın Minsk Qrupundakı həmsədrliyi statusuna uyğun gəlməzdi. Baş konsul Fransa Prezidenti Emmanuel Makronun bir neçə gün öncə sosial şəbəkələrdə yayılan videosunda Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycanın ərazisi olduğunu bildirməsini də diqqətə çatdırır.
N.Ağayev əlavə edib ki, erməni lobbisi və onun havadarları nə qədər dəridən-qabıqdan çıxsalar da, həm Prezident Makron, ondan da öncə Prezident Putinin təkrar etdiyi sadə həqiqəti dəyişə bilməzlər: Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir!