BAKI, 25 noyabr - Sputnik. Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, sənədin lehinə 305 senator səs verib. Bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır.
Fransa Xarici İşlər Nazirliyi artıq Senatın qərarına münasibət bildirib: Parisin “Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir.
Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa partnyorlarının siyasətini əks etdirməyəcək.
Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.
Diplomatın sözlərinə əsasən, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir: “Dağlıq Qarabağ münaqişənin həlli tək tərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar”.