BAKI, 24 noyabr — Sputnik. Özbəkistanın "islamonline.uz", "qalampir.uz" və "darakchi.uz" portalları yazır ki, Qarabağda olan 67 məsciddən 63-ü dağıdılıb, qalan bir neçə ibadət evində isə ermənilər donuz və qaramal saxlayıblar.
"islamonline.uz" portalı bildirir ki, Şuşada 215, Ağdamda 140, Cəbrayıl və Xocavənddə 93, Kəlbəcərdə 91, Laçında 74, Zəngilanda 56, Xocalıda 28 tarix və mədəniyyət abidəsi olub.
"qalampir.uz" portalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində müharibənin dayandırılması ilə əlaqədar birgə Bəyanat qəbul etmələri haqqında məlumat verir. Bildirilir ki, razılaşmaya uyğun olaraq artıq Ağdam rayonu işğaldan azad edilib, Azərbaycan Silahlı Qüvvələri şəhərə girib. Bildirilir ki, şəhər tamamilə dağıdılıb, yerlə-yeksan edilib, Ağdamda 1 dənə də olsun bina, ev qalmayıb, infrastruktur məhv olub.
Vurğulanır ki, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın isə dekabrın 1-dək Azərbaycana təhvil veriləcək.
"darakchi.uz" portalı yazır ki, işğaldan azad edilən Zəngilan rayonundakı ermənilər tərəfindən yarımdağıdılmış məscid də tövləyə çevrilib, onlar burada ev heyvanları saxlayıb və bununla da təkcə Azərbaycan xalqını deyil, bütün müsəlman dünyasını təhqir ediblər.