Fikrət Həsənov həmişə oğlu Əzimə deyərdi ki, o, mütləq Ağdamı azad edəcək. Əzim isə böyüdü, Dillər Universitetini bitirdi, hərbi xidmətə yollandı, amma atasının sözlərini heç vaxt unutmadı. Atasına verdiyi sözü isə düz bir il sonra tutdu. Müharibə başlayan ilk gündən Əzim könülü olaraq paytaxtdakı hərbi hissədən işğal altında olan torpaqlarımızı azad etməyə yollandı.
Qəhrəmanın atası bizə danışıb ki, oğlu bir neçə dəfə mühasirəyə düşən zaman özünü və əsgər yoldaşlarını xilas etməyə müvəffəq olub. Ən son dəfə anası ilə telefonda danışan zaman isə Azərbaycanın qələbə çaldığı, ordunun irəlilədiyi xəbərini verib ona.
Əzimin anası Şəhla Həsənova isə deyib ki, o, öz oğlunu itirsə də, Azərbaycan daha bir qəhrəman qazanıb.