BAKI, 23 noyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.
Посмотреть эту публикацию в Instagram
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Mehriban Əliyevanın rəsmi instaqram səhifəsində məlumat verilib.
“Baxın, müdafiə xətti. Ağdam şəhərinədək bir neçə ədəd müdafiə xətti var idi düşmənin”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ağdam şəhərinə səfəri zamanı deyib.
“Biz işğaldan azad edilmiş torpaqlara keçirik. İstiqamət Ağdam şəhəridir. Ağdam şəhərini və işğal altında olmuş Ağdam rayonunun torpaqlarını biz bir güllə atmadan azad etdik. Düşməni döyüş meydanında məğlub edərək məcbur etdik ki, Ağdam rayonundan çəkilsin”, - Prezident bildirib.
Посмотреть эту публикацию в Instagram
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.