BAKI, 20 noyabr — Sputnik. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması yeni layihəyə start verib.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından məlumat verilib.
Layihə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı həyata keçirilir.
"Məlum olduğu kimi, ötən əsrin 90-cı illərində torpaqlarımızın işğalı zamanı 4 minə yaxın soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. Bu illər ərzində Ermənistan hakimiyyəti beynəlxalq konvensiyaların tələblərini pozaraq əsir düşmüş soydaşlarımızla bağlı Azərbaycan tərəfinə heç bir məlumat təqdim etməyib. Əsir düşmüş şəxslərin ailə üzvlərinin beynəlxalq təşkilatlara ünvanladıqları çoxsaylı müraciətlər isə cavabsız qalıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan layihənin məqsədi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayətlərini yenidən gündəmə gətirmək, əsir və itgin düşmüş, girov götürülmüş şəxslərin ailə üzvlərinin üç dildə (Azərbaycan, rus, ingilis) videomüraciətlərini hazırlayıb beynəlxalq təşkilatlara, insan hüquqları ilə bağlı məşğul olan humanitar qurumlara təqdim etməkdir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistan hakimiyyətindən 90-cı illərdə əsir və girov götürülmüş, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı məlumatlara aydınlıq gətirməyi tələb edirik", - məlumatda bildirilib.