QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan 7 rayonu Azərbaycana qaytarmağa hazır olub? – Şuşa söhbətinin detalları

Abunə olmaq
Ermənistan tərəfi bu təklifi müzakirə edərkən bu qənaətə gəldi ki, bu təklif faktiki olaraq Şuşanın təhvil verilməsi anlamına gəlir.

BAKI, 19 noyabr — Sputnik. Ermənistan tərəfi oktyabrın ikinci yarısında işğal altında olan 7 rayonu Azərbaycana təhvil verməyə razı olub, lakin Azərbaycan Prezidenti İlham Əliyev qaçqınların Şuşaya qayıtmasını tələb edən kimi bu ideyadan imtina edib. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan bildirib.

"Ermənistan tərəfi bu təklifi müzakirə edərkən bu qənaətə gəldi ki, bu təklif faktiki olaraq Şuşanın təhvil verilməsi anlamına gəlir. Çünki azərbaycanlı qaçqınların qayıtması bu anlama gəlirdi", - deyə vitse-spiker qeyd edib.

Xatırladaq ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, 19-20 oktyabrda Azərbaycan Silahlı Qüvvələri Qarabağın cənub hissəsində müəyyən hissəyə nəzarəti bərpa etdikdən sonra o, İlham Əliyevi hərbi əməliyyatları dayandırmağa inandıra bilib. Bunun əvəzində İlham Əliyev azərbaycanlı qaçqınların Şuşaya qayıtması tələbini irəli sürüb. Lakin Ermənistan tərəfi bundan imtina edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Liderlər Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də ( sonradan bu müddət noyabrın 25-dək artırılıb) Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Bundan sonra Ermənistanda hakimiyyətə qarşı etiraz aksiyaları başlayıb.

Xəbər lenti
0