Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Afrikada möhkəmlənir

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidВоеннослужащий РФ, фото из архива
Военнослужащий РФ, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Sudanda Hərbi Dəniz Qüvvələri üçün yaradacağı baza bölgəni təhlükəsiz şəkildə silahla təmin etməyə və dəniz quldurlarına qarşı mübarizə aparmağa imkan verəcək.

BAKI, 17 noyabr — Sputnik. Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Sudanda Rusiya Hərbi Dəniz Qüvvələri üçün maddi-texniki bazanın yaradılması haqqında müqavilə imzalamaq barədə tapşırıq verib. Bu, Moskvanın bölgəni təhlükəsiz şəkildə silahla təmin etməsinə və dəniz quldurlarına qarşı mübarizə aparmasına imkan verəcək.

Son vaxtlar Moskva Afrika ölkələri ilə, o cümlədən Sudanla da silah tədarükü üzrə ümumi dəyəri 2,5 milyard manatdan çox olan sazişlər imzalayıb. Bölgənin bəzi ölkələrində hökm sürən qeyri-sabit vəziyyət nəzərə alınarsa, bu sazişlərin təminata ehtiyacı var. Ancaq ən başlıcası – bu, Rusiyanın Dünya Okeanına tam qayıdışı deməkdir. Deməli, rus dənizçiləri uzunmüddətli dəniz yürüşləri zamanı xüsusi razılıq tələb olunmadan istədikləri su hövzəsinə daxil ola biləcəklər. Yeri gəlmişkən, bu, atom hərbi kreyserlərinə də aiddir. Ehtiyac yaranarsa, hətta təyyarələr də həmin bazaya eniş edə bilər, onlar orada enmə zolağı ilə təmin olunacaqlar.

Bundan əlavə, Rusiya bazanın istismarı və hərbi gəmilər tərəfindən tapşırıqların icrası üçün tələb olunan bütün cihaz və avadanlıqların idxal və ixracı məqsədilə bu ölkənin dəniz və hava limanlarından yararlana biləcək. Özü də bunun üçün heç bir rüsum və ya digər ödəniş tələb olunmayacaq. Yeri gəlmişkən, Xartumun Rusiya bazası üçün pulsuz torpaq sahəsi ayırdığını xüsusi qeyd etmək lazımdır. Moskva bu bazada 300 nəfərdən çox şəxsi heyəti və nüvə stansiyası olan bir gəmi də daxil olmaqla ən çox dörd gəmi saxlaya bilər. 

Sudan rəhbərliyi isə öz növbəsində qeyd edib ki, rus bazası bu ölkənin sərhədləri üçün təhlükə törədən dəniz quldurları, qaçaqmalçılıq və insan ticarəti ilə mübarizədə onlara kömək edəcək.

Hərbi mütəxəssislərin qeyd etdiyi kimi, əvvəllər SSRİ-nin Afrikadakı xarici hərbi bazaları daha əlverişli mövqelərdə yerləşirdi. Məsələn, bu bazalar Yəmən, Ədən, Somali və Efiopiya sahillərində Qırmızı dənizin giriş-çıxışlarına nəzarət etməyə imkan verirdi. Lakin müxtəlif, o cümlədən siyasi və hərbi səbəblərdən yaxın gələcəkdə qitədəki bu strateji əhəmiyyətli və əlverişli nöqtələrə qayıtmaq mümkün deyil.

Çinin bu yaxınlarda hərbi bazalarını xarici ərazilərdə yerləşdirmək məqsədilə qarşıdakı 30 il ərzində geniş miqyaslı fəaliyyətə başlaması da sözügedən regionun əhəmiyyətindən xəbər verir. Pekinin yeni hərbi strategiyası "milli ərazilərin qorunmasından" "dövlət sərhədlərini aşaraq milli maraqları qorumağa" yönəlib.

Qeyd edək ki, üç il bundan əvvəl Çin Sudan kimi Afrikanın şərqində yerləşən Cibuti Respublikasında hərbi dəniz qüvvələri üçün ilk xarici maddi-texniki baza məntəqəsinin istismarına başlamışdı.

Xəbər lenti
0