BAKI, 15 noyabr — Sputnik. Bakının nəzarətinə keçən Qarabağ rayonlarından silahlı qruplaşmaların geri çəkilməsi yavaşlayıb, lakin davam edir.
Bu barədə Sputnikin Telegram kanalı Rusiyanın Qarabağdakı sülhməramlılarının qərargahındakı mənbəyə istinadla məlumat yayıb.
Məlumatda bildirilir ki, yavaşlamanın səbəbi pis hava şəraiti və xüsusilə dağlarda bəzi yol hissələrinin təmizlənməsinə yaranan ehtiyacdır.
"Çətin vəziyyətə baxmayaraq, Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin Ağdam, Kəlbəcər və Laçın bölgələrindən geri çəkilməsi davam edir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır.
Bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfi öz qüvvələrini Kəlbəcərdən çəkmək üçün noyabrın 15-dək qoyulan müddətin noyabrın 25-dək uzadılmasını istəyib. Hava şəraiti çətinləşir, o istiqamətdən yalnız bir yol - Zod-Vardenis yolu var və yolun ötürücülük qabiliyyəti aşağıdır. Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib.