Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 6 noyabr — Sputnik. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu Ermənistanın təxribatına və işğala son qoymaq üçün əks-hücum əməliyyatına başlayıb. Uğurlu əks-hücum əməliyyatı nəticəsində artıq yüzlərlə yaşayış məntəqəsi, o cümlədn 4 şəhər işğaldan azad olunub.
Azərbaycan bu gün mübarizəni yalnız döyüş meydanında deyil, diplomatik cəbhədə, siyasət meydanında da aparır. Bu həlledici, çətin günlərdə Azərbaycanın səsini xarici ölkələrdə yalnız orada yaşayan vətəndaşlarımız deyil, eyni zamanda xaricdə yaşayan, ürəyi Azərbaycanla, 3 rəngli bayrağımızla döyünən əcnəbilər də çatdırılar.
Son baş verən hadisələrlə bağlı müxtəlif ölkə vətəndaşları Sputnik Azərbaycan-la təəssüratlarını bölüşüb. Uzun illərdir Dağlıq Qarabağ problemi haqda yazan əcnəbi jurnalistlərdən biri olan Neil Vatson 26 illik jurnalist fəaliyyətinin nə az, nə çox, düz 10 ilini ölkəmizə həsr edib.
45 yaşlı ingiltərəli jurnalist deyir ki, ermənilərin sivil vətəndaşlara atəş açması insanlıqdan kənardır:
"Bir ailənin məhv olunması, eyni zamanda da azyaşlı uşaqların düşmən gülləsi ilə öldürülməsi insan haqlarına ziddir, onların bu əməlləri beynəlxalq hüquq, o cümlədən də bütün dünya liderləri tərəfindən qınanılmalıdır. Artıq 30 ilə yaxındır ki, ermənilər Azərbaycanın doğma torpaqlarını işğal ediblər. 1993-cü ildən bəri Azərbaycan sülh yolu ilə bu konfliktin həllinə maraq göstərdi. Azərbaycan həmçinin sülhə nail olmaq üçün ABŞ, Rusiya, Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupu ilə əməkdaşlıq etməyə başladı".
Bu dövlətlərin də Ermənistana tərəfdar çıxdığını vurğulayan jurnalist deyir ki, Azərbayanın qələbə xəbərlərinə sevinir:
"Ümid edək ki, nəhayət, Azərbaycan torpaqlarını geri alacaq və bir milyon məcburi köçkün vətəninə geri dönəcək. 27 ildən sonra gələn xəbərlər Ermənistan və onun havadarları üçün daha bir mesaj vəd edir: bu işğal vəziyyəti uzun müddət davam edə bilməz!!!".
Estoniyada təhsil alan azərbaycanlı tələbələrə hər zaman yardım edən İrina Kovzanoviç də Azərbaycanın qələbə xəbərlərinə sevinir:
"Azərbayanla bağlı bütün xəbərlər mənim üçün xüsusi önəm daşıyır. Bu gün mənim hökumətim Dağlıq Qarabağı Azərbaycanın əzəli tərkib hissəsi olaraq tanıyır, öz növbəmdə mən də Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıyam. Düzdür, müharibələr hər zaman faciələrlə, itkilərlə müşahidə olunur. Lakin düşünürəm ki, bu gün geri dönmək, öz torpağına qayıtmaq üçün ən uyğun zamandır. Bu gün bir estoniyalı kimi əcnəbilər, eyni zamanda da öz həmvətənlərimə Azərbaycan, Azərbaycanın əzəli torpağı olan Qarabağla bağlı həqiqətləri çatdırıram. Düşünürəm ki, ən çətin günlərdə də Azərbaycanı müdafiə etməli, ona dəstək olmalıyıq!"
Kovzanoviç belə günlərdə də azərbaycanlılar arasında həmrəyliyin olmasından qürur hissi keçirdiyini bildirir: "Əslində belə bir həmrəyliyin olması da az şey deyil. Nəinki azərbaycanlılar, xaricdə yaşayan əcnəbilər də Azərbaycanı, Azərbayanın ərazi bütövlüyünü müdafiə edirlər".
Gürcüstanda yaşayan ingilis əsilli alim, əvvəllər Britaniya Universitetlərində müəllim və tədqiqatçı kimi işləyən, hazırda təqaüddə olan Tamara Draqadze Qarabağ münaqişəsi ilə bağlı bir neçə nəşrin müəllifidir. Qafqaz üzrə mütəxəssis olan Draqadze Ermənistanla Azərbaycan arasındakı döyüşlərin yenidən başlamasına kədərləndiyini bildirir. O fikirlərini bu cür izah edir:
"Qarabağdakı indiki vəziyyət haqsızlıqdır. Nə olursa olsun, günahsız insanları öldürmək olmaz. Yenidən atəşkəsin olacağına ümid edirəm. Hər həyat çox dəyərlidir!".
Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin səfiri olan, Xorvatiyadan olan 24 yaşlı İmran Srebrenikoviç eyni zamanda da Yeni Zaqreb (New Zagreb) bələdiyyəsində yerli parlament üzvlərindəndir. O da Azərbaycanla bağlı bütün məlumatları davamlı olaraq izləyir:
"Mən Azərbaycanı, Azərbaycanın ərazi bütövlüyünü tam olaraq müdafiə edirəm. Artıq 27 ildir ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Amma ötən günlərdə baş verən bir olay məni çox üzdü. Ermənilər mülki əhaliyə hücum etmişdilər. Bu şəxslər arasında ölənlər də vardı. Hər zaman olduğu kimi Ermənistan yenə də provakasiyanı davam etdirir. Ümid edirəm ki, beynəlxalq cəmiyyət Azərbaycanın yanında duracaq və onu müdafiə edəcək. Eyni zamanda da ölkəm Xorvatiyanın da Azərbaycana öz dəstəyini nümayiş etdirəcəyinə ümid edirəm. Azərbaycan səfirliyi ilə əlaqə saxlayacağam və onlara münaqişə ilə bağlı xəbərlərin paylaşılmasında köməkliyimi təklif edəcəyəm."