BAKI, 2 noyabr - Sputnik. Ermənistan ordusunun daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərində yerləşən canlı qüvvəsi dəqiq zərbələrlə məhv edilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı və videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Qeyd olunur ki, eyni zamanda Qırmızı Bazar istiqamətində düşmənin qərargahı da atəşə məruz qalıb.
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.