Ağdam rayonun Xındırıstan, Əhmədağalı, Qaradağlı, Qərvənd, Çıraqlı, Çəmənli, Əfətli kəndləri, Dördyol və Təzəkənd qəsəbələri intensiv atəşə tutulub.
Atılan mərmilərin çoxu əkin sahələrinə və Çullu meşəsinə düşüb. Kəndlərə atılan mərmilər bir neçə evə və təsərrüfata da ziyan vurub.
Dağlıq Qarabağdakı növbəti, sayca üçüncü atəşkəs rejimi barədə razılaşma oktyabrın 26-da yerli vaxtla səhər saat 08: 00-da qüvvəyə minib. Lakin Ermənistan silahlı qüvvələri razılaşma əldə olunandan dərhal sonra Tərtər və Ağdamın cəbhəyanı kəndlərini, oktyabrın 27-də isə Bərdə rayonunu atəşə məruz qoyub.
Dağıdılmış qəbir daşları – Ağcabədi məzarlığının atəşə tutulandan sonrakı videosu >>
Ermənistan silahlı qüvvələri, sentyabrın 27-də, səhər saat 06:00 radələrində geniş miqyaslı təxribatlar həyata keçirərək Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca mövqelərini və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrini iri çaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətininin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ordusunun komandanlığı bütün cəbhə boyu qoşunların əks-hücum əməliyyatına başlamağa qərar verib.