BAKI, 31 oktyabr — Sputnik. "Mən bunu dəfələrlə demişəm. Biz bu gün dayanmağa hazırıq".
Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib. Dövlət başçısı jurnalistin "Bu müharibə nə qədər davam edəcək?" sualına belə cavab verib:
"Bu, Ermənistandan asılıdır. Mən bunu dəfələrlə demişəm. Biz bu gün dayanmağa hazırıq. Yeri gəlmişkən, bizim üç dəfə atəşkəsə razı olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur.
Oktyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu. Növbəti gün onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar. Yəqin ki, siz bunun səbəb olduğu dağıntıları görmüsünüz və 10 mülki şəxs öldürülmüşdür. Onlar deyirlər ki, bunu onlar etməyiblər. Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər.
İkinci dəfə onlar eyni şeyi etdilər. Onlar atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onu pozdular. Üçüncü dəfə isə onlar dünən Tərtər şəhərinə kasetli raket atanda bunu etdilər. Dörd nəfər öldürülmüşdür, onların arasında yeddi yaşlı bir qız var.
Beləliklə, bunu onlar ediblər. Bunu bizim etdiyimizə dair heç bir sübut yoxdur. Bizim etdiyimiz bunun əksidir. Mən demişdim ki, biz eyni qaydada cavab verməyəcəyik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik".