BAKI, 29 oktyabr — Sputnik. "10 aylıq Narin, 1 yaşlı Mədinə, 8 yaşlı Aysu, 9 yaşlı Viktoriya, 13 yaşlı Şəhriyar, 13 yaşlı Artur, 14 yaşlı Fərid, 15 yaşlı Fidan, 15 yaşlı Nigar, 16 yaşlı Orxan. Bunlar, Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda bir ay davam edən döyüşlər zamanı öldürülən 10 uşağın adları və yaşlarıdır. 11 yaşlı oğlan və 12 yaşlı qızın adları hələlik açıqlanmayıb".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə UNICEF-in Dağlıq Qarabağ və ətrafında gedən bir aylıq döyüşlərə dair yaydığı bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, 130 mindən çox insan evlərindən didərgin düşüb, 76 məktəb və uşaq bağçasına ziyan dəyib, bir doğum evi topla atəşə tutulub: "Mülki bölgələrə gündəlik endirilən raket hücumlarının psixoloji təsirinə məruz qalan saysız-hesabsız uşaqlar qorxu keçirirlər. Riayət olunmayan üç atəşkəs anlaşması fonunda davam edən dörd həftəlik döyüşlərin uşaqlar üçün acı nəticəsidir. UNICEF uşaqların bundan sonra da həlak olmaması üçün döyüşlərin dərhal və tam dayandırılması üçün bir daha müraciət edir".