BAKI, 26 oktyabr — Sputnik. "Ermənistanın baş naziri, Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən, özünü böyük sərkərdə kimi aparan, indi yıxılıb onun-bunun ayağı altına kömək istəyir, özünü, xalqını alçaldır".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün xalqa müraciətində Prezident İlham Əliyev səsləndirib.
"Yaxşı, silah verməyin, qurtaraq. İstəyirsiniz, qurtaraq, silah verməyin. Bizə kim verir? Heç kim vermir. İstəyirsiniz, qurtarsın, silah verməyin. İki gündən sonra gələcək yalvara-yalvara. Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən onlara silah verilir. Biz buna səssizmi qalacağıq? Azərbaycan xalqı həqiqətləri bilməlidir. Mən 17 il ərzində Azərbaycan xalqına həmişə həqiqətləri demişəm, xalqa müntəzəm olaraq bütün məsələlərlə bağlı hesabat vermişəm. Bu gün də Azərbaycan xalqına nəyi demək mümkündürsə, deyirəm. Həm Azərbaycan xalqına, həm də bütün dünyaya. Ermənistanı xilas etmək istəyirsinizsə, deyin, çıxsın bizim torpaqlardan. Dərhal rədd olsun! Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa gündə beş-altı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz haqq-ədaləti bərpa edirik", - deyə dövlətimizin başçısı bildirib.