İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 26 oktyabr — Sputnik. Ermənilərin 30 ildən çoxdur ki, Sərsəng su anbarının qarşısını kəsməsi ilə Xaçınçay, Yuxarı Qarabağdan gələn su arxları da quruyub. Bərdə və Ağdamda olan təsərrüfatlar da məhz Xaçınçaydan qidalanırdı.
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin məlumatına görə, Suqovuşan kəndi azad olunandan sonra üç rayona suyun verilməsinə başlanıb. Belə ki, su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq qismən təmin olunub.
Ekoloq Telman Zeynalov bildirib ki, Suqovuşan su anbarından Xaçınçaya da su verilib.
Onun sözlərinə görə, 30 il əvvəl tikilən su anbarı işğal olunmuş ərazilərdə qalıb. Buna görə də ermənilər bu anbarları idarə edir və suyu buraxmırdılar. Ancaq artıq həmin ərazilər işğaldan azad edildiyi üçün daha ermənilər həmin anbarları idarə edə bilmirlər. Belə ki, həmin ərazilərdəki bütün çaylar su ilə doludur.
T.Zeynalov vurğulayıb ki, bundan sonra Xaçınçaya da su gələcək. Ekspert suyun zəhərlənə biləcəyi ehtimalının olduğunu da xatırladıb.
O qeyd edib ki, Xaçınçay ermənilər tərəfindən zəhərlənə bilər. Buna görə də diqqətli olmaq lazımdır.
Su məsələləri üzrə ekspert Fərzəli Həsənov açıqlamasında bildirib ki, bu problemə erməni tarixçilər tərəfindən yazılmış "Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində su problemi" adlı kitabda müəyyən məsələlər qeyd edilib: "Onlar kitabda qeyd etmişdilər ki, işğal etdikləri 7 rayondan 5-i qaytarıla bilər. İkisinin qaytarılması isə qeyri-mümkündür. Çünki Tərtər və Həkəri çayları Kəlbəcərdən başlayır. Kəlbəcərdə 20 min nəfər yaşayıb. Ancaq Kəlbəcər Azərbaycana qaytarılsa, 70 min adam geri qaytarılacaq və həmin şəxslər su mənbələrini çirkləndirəcəklər, zəhərləyəcəklər. Onlar suyu analiz edərək, belə nəticəyə gəlmişdilər ki, Xankəndində çay ətrafında olan erməni kəndlərində insanlar daha çox xərçəngə yoluxurlar. Erməni tarixçilər iddia edirmişlər ki, nisbətən yuxarıda Azərbaycan kəndləri var və onlar suyu zəhərləyir. Mən bu məsələ ilə bağlı rəy yazmışam".
Ekspert qeyd edir ki, Xaçınçayın suyunun zəhərlənməsi ilə bağlı həyəcan təbili əsaslıdır. Xaçınçayın üzərində Xaçınçay su anbarı var. Hazırda həmin anbar işğal olunmuş ərazidədir. Bu səbəbdən suyun zəhərlənə biləcəyi ehtimalı var.
Onun sözlərinə görə, müvafiq qurumlar mütəmadi olaraq sudan analizlər götürməli və monitorinq aparmalıdır: "Bizə gələn sulardan hər gün analiz götürülməlidir. Biz hər şeyə hazır olmalıyıq. Hazırda işğal altında olan ərazilərdə Dağlıq Qarabağdan mənbəyini götürən çayların suyundan gündəlik götürülərək analiz edilməlidir. Bu su Tərtərdən, Bərdədən keçərək, Kürə tökülür".
F.Həsənov qeyd edir ki, suyu çirkləndirmək, suya zəhər tökmək dünya miqyasında su terroru adlanır.
"Suyun həyat adlandırılmasına baxmayaraq, müəyyən xəstəliklərin yaranmasına elə su səbəb olur. Çünki suda olan sağlamlıq üçün zərərli elementlərin fəsadları sonradan üzə çıxır. Məsələn, xərçəng xəstəliyi daha çox içməli sudan qaynaqlanır", - deyə o əlavə edib.