BAKI, 26 oktyabr — Sputnik. "Bir aya yaxındır ki, Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən toprpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində şanlı Azərbaycan ordusu bir çox yaşayış məntəqələrini işğaldan azad edib. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu toprpaqlarda yaşayıb-yaradıb, qurub".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev xalqa müraciətində bildirib.
Prezident bir daha qətiyyətlə xatırladıb ki, Qarabağ tarixi Azərbaycan torpağıdır: "Qarabağ tarixini yaxşı bilirik. Bu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Çünki 90-cı illərin əvvəlində dünyada Azərbaycan haqqında o qədər təsəvvür yox idi. Bir çox ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişdi. Buna görə bizim torpağımız işğal altına düşə-düşə bizə sanksiyalar tətbiq edilmişdir. Bu sanksiyalar bu günə qədər qüvvədədir. Müstəqilliyimizin ilk mərhələsində Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib, güya Azərbaycan Ermənistana qarşı təcavüz edir. Bu sankisiyalar bu günə qədər qüvvədədir.
O vaxt Azərbaycan diplomatiyası erməni yalanlarına qarşı heç bir arqument gətirə bilməmişdi. Son illər ərzində ardıcıl fəaliyyət nəticəsində dünya ictimaiyyəti Qarabağ və münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırılıb. Bu görülən işlər bizə köməklik göstərir.
Artıq dünyada bu məsələ barədə obyektiv fikir var. Buna yorulmaz iş sayəsində nail omuşuq. Biz tarixi ədaləti bərpa edirik dedikdə mən bunda tam haqlıyam. Münhen Təhlükəsizlik konfransında mən dünyaya sübut edə bilmişəm ki, Qarabağ bizim tarixi torpağımızdır. 19-cu əsrin əvvəllərində Kürəkçay sülh anlaşması haqqında məlumat vermişəm. Dünyada bu anlaşma haqqında ümumiyyətlə təsəvvür yox idi.
Əfsuslar olsun ki, bu anlaşma barədə Azərbaycanda da geniş məlumat olmamışdır. Bu müqavilə internetdə var. Əminəm ki, mənim bu sözlərimdən sonra döyüş meydanını izləyən auditoriya bu müqaviləni oxuyacaq, görəcək ki, burada erməni xalqı olmayıb. Kürəkçay və Türkmənçay müqavilələrindən sonra ermənilər gətirildi, bizim torpaqlarımıza yerləşdirildilər", - deyə Prezident əlavə edib.