BAKI, 21 oktyabr - Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan münaqişənin diplomatik həlli yoxdur deyə açıqlama ilə çıxış edərək, Ermənistanın işğalçı siyasətini davam etdirdiyini və bu ölkənin hazırkı rəhbərliyinin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını açıq şəkildə etiraf etmiş oldu.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Baş nazirinin münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanatına dair açıqlamasında deyilir.
Vurğulanır ki, Ermənistanın Azərbaycana qarşı yeni hücumuna cavab olaraq Azərbaycanın başladığı əks-həmlə tədbirləri və on illərdir ki, işğal altında olan ərazilərin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi ilə bağlı davamlı olaraq atəşkəs üçün yalvaran, iki dəfə humanitar atəşkəs razılaşdırıldıqdan sonra atəşin dayandırılması rejimini kobud şəkildə pozan Ermənistanın əsl niyyətinin sülhə nail olmaq deyil, yeni işğala əl atmaq olduğu Baş nazirinin verdiyi bu açıqlamada aydın şəkildə görünür.
Humanitar atəşkəsə riayət olunması üçün vasitəçi ölkələrin səylərini heçə sayan Ermənistan rəhbərliyinin, Moskvada xarici işlər nazirləri ilə həyata keçirilən məsləhətləşmələr, habelə Vaşınqtonda qarşıdan gələn görüşlər ərəfəsində diplomatik səylərə xələl gətirən bu bəyanatı uzun illərdir ki, işğalçı Ermənistan tərəfindən münaqişənin həll olunmaması ilə bağlı sərgilədiyi dağıdıcı mövqeyin növbəti bariz nümunəsidir.
Azərbaycan tərəfi, öz növbəsində xoş niyyət və konstruktivlik nümayiş etdirərək humanitar atəşkəsə iki dəfə razılıq verib və münaqişənin BMT TŞ-nin qətnamələri əsasında danışıqlar yolu ilə həllini dəstəklədiyini bəyan edib. Belə olduğu təqdirdə, bir tərəfdən, işğalçı və münaqişənin diplomatik həllində maraqlı olmayan Ermənistan, digər tərəfdən isə əraziləri 30 ilə yaxın müddətdə işğal altında olan və beynəlxalq hüquq normaları çərçivəsində və BMT qətnamələri əsasında münaqişənin siyasi həllini dəstəkləyən Azərbaycana münasibətdə eyni yanaşma nümayiş etdirən dövlətləri müvafiq nəticə çıxarmağa dəvət edirik.
Üzərində hər hansı təzyiq hiss etməyən və Azərbaycana qarşı təcavüz siyasəti çərçivəsində bu günədək törətdiyi çoxsaylı müxtəlif cinayət əməllərinə görə hüquqi məsuliyyətə cəlb edilməyən Ermənistan rəhbərliyi verdiyi məsuliyyətsiz bəyanatları və törətdiyi əməlləri ilə öz xalqını uçuruma sürükləyir.
Münaqişənin davamlı həllinin və bölgədə gərginliyin aradan qaldırılmasının yeganə yolu beynəlxalq hüququn aliliyi, dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı və onlara hörmətin təmin edilməsi ilə mümkündür.