BAKI, 21 oktyabr — Sputnik, İrina Alksnis. ABŞ və Böyük Britaniyanın Cənubi Koreya və Yaponiyada keçirilən Olimpiya oyunlarına Rusiya tərəfindən kiberhücumun təşkil olunması ilə bağlı iddiaları bu ölkədə təəccüblə qarşılanıb.
Təəccübün səbəbi sadədir: Moskvanın guya sülhə və idmana qarşı həyata keçirdiyi növbəti absurd cinayətlə bağlı əsassız həqarət həm Rusiya əleyhinə təbliğat aparmaq, həm də Moskvanı "cəzalandırmaq" üçün tədbirlər görmək baxımından gülüncdür.
Bir yandan Qərb mediasının Rusiya əleyhinə gündəm yaratmaq üçün mövzusu tükənməyib. Onlar hələ Aleksey Navalnı ilə bağlı insident haqqında yazmaqdan yorulmayıblar. Bu məqamda, ələlxüsus söhbət xarici işlər və xüsusi xidmət orqanları kimi yüksək səviyyəli qurumlardan gedirsə, ortaya Rusiya ilə bağlı yeni mövzu atmağın yeri deyil. Digər tərəfdən, rus blogerlə bağlı hadisə də daxil olmaqla, əvvəlki təcrübə göstərir ki, hər bir halda Moskvaya qarşı həqiqətən ciddi və ağrılı tədbirlər görməyə arxalanmaq olmaz.
Bununla yanaşı, Vaşinqton və Londonun eyni vaxtda verdiyi bəyanatlar hər iki ölkənin ortaq hədəflərinin mövcudluğundan xəbər verir.
Bəs söhbət nədən gedir?
Bu suala cavabı, yəqin ki, irəli sürülən ittihamlara Tokio və Seulun reaksiyasında axtarmaq lazımdır. Yaponiya hökuməti "müvafiq məlumatları" toplamaq üçün vaxt qazanmaq məqsədilə məsələni şərh etməkdən imtina edib, Cənubi Koreya hakimiyyəti də susmağa üstünlük verib.
Böyük ehtimalla, hər iki ölkənin rəsmi şəxsləri və xüsusi xidmət orqanları, bir sözlə, Qərbin regiondakı əsas müttəfiqləri amerikan-ingilis əməliyyatı barədə əvvəlcədən məlumatlandırılmayıb və buna görə də mümkün olduğu qədər ehtiyatlı davranmağa çalışır. Məsələn, Yaponiyanın Olimpiya Komitəsi bəyan edib ki, qurum öz fəaliyyətində kiberhücumların təsirini hiss etməyib.
Odur ki, böyük ehtimalla, Rusiya əleyhinə növbəti kampaniyanın hədəfi heç də Rusiya deyil, bütün dünya, ilk növbədə isə Qərbin özüdür. Rusofob gündəm isə burada sadəcə bir vasitə kimi çıxış edir.
İnformasiya-təbliğat sahəsində dominant mövqeyə sahib olmaq ABŞ hegemoniyasının mühüm hissəsini təşkil edir. Böyük Britaniya isə ənənəvi olaraq ABŞ-a bu məsələdə havadarlıq nümayiş etdirir. Bu iki ölkənin siyasi və xüsusi xidmət sahələrindəki əməkdaşlığı isə artıq hamıya çoxdan məlumdur.
ABŞ-ın supergücünün tədricən deqradasiyaya uğraması və Birləşmiş Krallığın beynəlxalq aləmə pərdəarxası təsirinin açıq şəkildə zəifləməsi son illərdə adi hala çevrilib. Lakin bu proseslər əsasən iqtisadi, bürokratik və bəzi siyasi mexanizmlərə təsir göstərir.
Eyni zamanda, iki gücün üstünlüyünün bu günə qədər də danılmaz olduğu sahələr var. Amerika ordusunun NATO-dakı üstünlüyünə şübhə etmək mümkün olmadığı kimi, aydın məsələdir ki, Avropa qitəsindəki heç bir media orqanı İngiltərənin "Times" və ya ABŞ-ın CNN-i ilə rəqabət aparmaq iqtidarında deyil. "Twitter" və "Facebook" kimi ictimai fikri manipulyasiya etməyə imkan verən güclü sosial şəbəkələrə nəzarət mərkəzinin məhz okeanın o biri tayında yerləşdiyi də ayrı məsələdir.
Vaşinqtonun RT və ya Çin şirkəti "TikTok"a qarşı sərt siyasəti, ABŞ-ın bu cür strukturların əhəmiyyətini yaxşı başa düşdüyünü bir daha təsdiqləyir.
Bununla belə, geopolitik rəqiblərin özlərinin mediaya təsir resurslarına sahib olduğunu nəzərə alsaq, ABŞ bu vəziyyətə öyrəşib və sözügedən şirkətlərin öz ərazisindəki fəaliyyətini məhdudlaşdırmaqda çətinliklə qarşılaşmayacaq. Amerikan-ingilis xüsusi xidmət və təbliğat tandemi üçün Qərbin öz daxilində rəqiblərinin meydana gəlməsi isə daha həssas məsələdir. Və indi məhz bu baş verir – Navalnı məsələsi hər iki ölkə üçün son dərəcə xoşagəlməz və arzuolunmaz proseslərin getdiyini göstərir. Rusiyadan baxanda bəlkə də belə görünə bilər ki, blogerlə bağlı yaranan səs-küy artıq hamını boğaza yığıb, əslinə isə bu çox unikal hadisədir, çünki bütünlüklə Berlinin əməlidir.
Bəli, Almaniya standart rusofobiya gündəmindən yararlanır, amma onu öz "böyük tərəfdaş"larından mənimsəyərək oyuna müstəqil şəkildə qoşulur.
Navalnıya nəzarət almanların əlindədir və o, hər şeyi – "Şimal axını 2" layihəsini müdafiə etməkdən tutmuş onu dəstəkləməyən amerikalıların ünvanına söylədiklərinə qədər – Berlinin diktəsi ilə edir. Nəticədə alman mediası bir neçə gün ərzində dünya üçün əsas xəbər mənbəyinə çevrilib və ingilis dilli media almanlardan sitat gətirmək, onların yazdıqlarını tirajlamaq məcburiyyətində qalıb. Bu kontekstdə Olimpiya oyunlarına kiberhücum təşkil edən Rusiyanın Baş Kəşfiyyat İdarəsinin hakerləri ilə bağlı məsələ tamamilə başqa məna kəsb edir. Əslində, amerikalılar və ingilislər bu mövzunu ortaya atmaqla Navalnı məsələsini xəbər gündəmindən tamamilə kənarlaşdırmağa çalışırlar. Çünki onların fikrincə, bu rəqiblərinin layihəsidir. Bundan başqa, Vaşinqton və London üçün bir müddətlik almanların nəzarəti altına keçən qlobal media-siyasi məkan üzərindəki nəzarəti yenidən ələ almaq çox vacibdir. Bunun ən yaxşı yolu isə mediada Rusiya əleyhinə bir mövzunu başqa bir mövzu ilə əvəz etməkdir. Hərçənd, hər iki tərəf Rusiyaya qarşı dostyana ritorikadan istifadə etmir, ancaq onların arasındakı fikir ayrılığı mahiyyət etibarilə, Rusiyanın (və bir çox digər ölkələrin) xeyrinədir. Çünki bütün bunlar Qərbin daxilindəki münaqişə vəziyyətini gücləndirir və onun tənəzzülünü stimullaşdırır.
Almaniyanın qısa müddətlik də olsa, dünyadakı siyasi-informativ məkana nəzarəti ilk dəfə ələ keçirməsi faktını nadir istisna hallarından biri kimi qəbul etmək lazımdır. ABŞ və Böyük Britaniya isə artıq mediadakı dominant mövqeyi əldən verməyə hazır olsalar, yaxşıdır. Çünki indi bu sahədə onlara nəinki geopolitik rəqibləri, yaxın müttəfiqləri belə meydan oxumağa başlayıblar.