BAKI, 21 oktyabr — Sputnik. Ötən həftə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsinin qurbanları dünyanın bir çox ölkələrində anılıb. Bundan başqa, Türkiyənin məşhur sənət adamları da buna səssiz qalmayıblar. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən ölkənin ulduzu Ayhan Ulu (Pau) da “Twitter” hesabında Gəncəylə bağlı paylaşımları ilə diqqət çəkib. O, erməniləri müdafiə edən eks-model Tuğba Özayla da dava edib.
Bundan başqa, İzmirin məşhur ifaçılarından olan Pau bir neçə konsertinin gəlirini Gəncə qətliamından zərər görən şəxslərə bağışlayacağını bildirib: "Gələn həftə konsertlərimdən götürəcəyim gəliri Gəncə xalqına bağışlayacağam. Həmişə yanınızdayam. Azərbaycana hər zaman dəstək verəcəyəm".
Qeyd edək ki, Türkiyənin dünya şöhrətli müğənnisi, meqastar Tarkan da Gəncədə baş verən terrora səssiz qalmayıb. O, “Instagram” hesabında ermənilərin Gəncəyə xain hücumunu pisləyən paylaşım edib.
“Dualarım qardaş ölkə Azərbaycanladır. Xain hücumlarda həyatını itirənlərə allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirəm. Çox kədərliyəm. Qəlbim Azərbaycan xalqı ilədir”, - ulduz müğənni qeyd edib.