BAKI, 20 oktyabr — Sputnik. "Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
Sahibə Qafarova qeyd edib ki, Azərbaycan hər zaman Türkiyəni yanında hiss edib: "Ermənistanın Azərbaycana qarşı təxribatları nəticəsində ordumuzun əks-hücum əməliyyatları zamanı dünya Azərbaycanla Türkiyə arasında qardaşlığın bir daha şahidi oldu. Türkiyə bəyan etdi ki, bu haqq işində Azərbaycanın yanındadır. Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun bu gün Milli Məclisin iclasında iştirakı iki ölkə arasında qardaşlığın daha bir nümunəsidir".
Milli Məclisin iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib ki, ilk olaraq, 1990-cı illərin əvvəlindən etibarən Qarabağ davasına sahib çıxan və bu gün Azərbaycanın haqlı davasına dəstək olan cənab Ərdoğanın parlament nümayəndələrinə və bütün Azərbaycan xalqına salamını gətirdim.
O bildirib ki, Azərbaycanın haqlı davasına dəstək verən fərqli partiyaların nümayəndələri də səfərdə onu müşayiət edirlər: "Bütün millət vəkillərimizin iştirakı ilə keçiriləcək ictimai iclası Qarabağ işğaldan azad ediləndən sonra Qarabağda edək. TBMM-də olan millət vəkilləri də bu gün burada iştirak etmək istəyirdilər. Sevincimizi olduğu kimi, kədərimizi də paylaşmağa gəldim. Qardaş Azərbaycana yönələn Ermənistan hücumlarını pisləyirəm. Bu hücum nəticəsində şəhid olanlara Allahdan rəhmət diləyirəm. Əziz Azərbaycan xalqına başsağlığı verirəm".